BAKI, 20 dekabr. TELEQRAF

“Bu oyunu iki fərqli hissəyə bölərdim. İlk hissədə futbolçular gözlədiyim intensivliyi göstərmədilər”.

Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Karvan-Yevlax”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

“Əslində, “Karvan-Yevlax” qapımız qarşısında elə bir ciddi epziod yaratmamışdı, sadəcə, biz ilk hissənin sonunda onlara penalti hədiyyə etdik. İkinci hissə isə tamamilə fərqli keçdi. Fasilədə futbolçulara bildirdim ki, sürət və intensivliyi artırmasaq, bizdə heç nə alınmayacaq. İkinci hissənin ilk dəqiqələrindən gördük ki, rəqib komanda oyunda vaxt aparmağa çalışır. Bunu anladıq və irəli atıldıq ki, hesabı öz xeyrimizə dəyişək. Nəticədə iki qol vurub 2:1 hesabı ilə qalib gəldik. Daha çox fərqlənməli idik, çünki bir neçə 100 faizlik qol imkanımız oldu, sadəcə, onları dəyərləndirmək lazım idi”, - deyə ukraynalı mütəxəssis bildirib.