BAKI, 26 may. TELEQRAF

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha dörd qarşılaşma yekunlaşıb.

Teleqraf xəbər verir ki, günün ilk oyununda E qrupunda Kosta Rika ilə Tailand seçmələri üz-üzə gəlib.

Matçda 4:1 hesablı qələbəyə sevinən Asiya təmsilçisi xallarının sayını 7-yə çatdıraraq 1/8 final mərhələsinə yüksəlib.

Bu qrupda ikinci vəsiqənin taleyinə Monteneqro - İndoneziya matçından sonra aydınlıq gələcək. Görüşün nəticəsindən asılı olaraq, bu iki komandadan biri adını növbəti mərhələyə yazdıracaq.

F qrupunda isə Polşa ilə Bosniya Herseqovina milliləri qalibi müəyyənləşdirə bilməyib - 1:1. Hər iki kollektiv 5 xalla 1/8 final mərhələsinə yüksəlib.

G qrupunda Argentina yığması BƏƏ seçməsinə 1:4 hesabı ilə uduzaraq mundialı xalsız başa vurub. Ərəblər də rəqibi kimi qrupdan çıxa bilməyib. Bu qrupdan Çexiya və Gürcüstan milliləri bu gün öz aralarında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksəlib.

H qrupunda İspaniya millisi İsrailə 2:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. İsraillilər 6 xalla mərhələ adlayıb. Daha əvvəl isə bu hüquqa Serbiya sahib çıxıb.

Mayın 25-də keçirilmiş oyunların nəticəsinə əsasən, 1/8 final mərhələsinin ilk 4 görüşündə Azərbaycan Rumıniya ilə, İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa Mavritaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsinə bu gün keçiriləcək Çexiya - Gürcüstan, Serbiya - Qana, Qazaxıstan - ABŞ və İndoneziya - Monteneqro oyunları ilə yekun vurulacaq.