BAKI, 26 may. TELEQRAF

Azərbaycan futbolu milli komandalar səviyyəsində son illər ən ciddi nailiyyətini 2018-ci ildə qazanıb.

Teleqraf xatırladır ki, həmin vaxt 19 yaşadək futbolçulardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsində 6 xal toplayaraq, qrup ikincisi kimi elit-raunda vəsiqə qazanıb.

İlk görüşündə İsrailə 1:4 hesabı ilə uduzmasına baxmayaraq, Gürcüstanı 2:1, Lixtenşteyni isə 3:0 hesabı ilə yenən baş məşqçi Vüqar Məmmədin komandası 6 xalla qrup ikincisi kimi mərhələ adlayıb. Topların fərqi isə 6-5 millinin xeyrinə olub.

Bununla da U-19 həm də rekord göstəriciyə imza atıb. Əvvəllər heç bir seçmə mərhələdə aşağı yaş qruplarından ibarət yığmalar 6 xallıq və müsbət saldolu nəticə göstərə bilməyib.

14 - 20 noyabr 2018-ci ildə Tbilisidə keçirilmiş seçmə mərhələ oyunlarında xüsusən Gürcüstan üzərində qələbə xüsusi qeyd olunurdu. Həmin vaxt qonşu ölkə yığmasının heyətində Giorgi Mamardaşvili, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili kimi gələcəyin ulduzları çıxış edirdi.

Həmin vaxt Gürcüstan millisi 4 xalla 3-cü yeri tutaraq, qrupda qaldı.

Necə deyərlər, "Kiminin əvvəli, kiminin axırı". Azərbaycan millisinin bu uğurunun davamı nə elit-raundda, nə də sonrakı yarışlarda gəldi, futbolçuları da Avropanın aparıcı klublarına dəvət almadı. Əvəzində Gürcüstan millisi və futbolçuları hazırda "köhnə qitə"yə əməlli-başlı səs salıb.

Vaxtilə Azərbaycanda çıxış etmiş hücumçu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvararatsxeliya mayın 31-də Fransa PSJ-sinin heyətində İtaliya "İnter"inə qarşı final oyununa çıxacaq. Bunadək o, "Napoli" və PSJ-nin heyətində İtaliya və Fransa çempionluqları yaşayıb.

Bəs görəsən, niyə azərbaycanlı futbolçular ən azı gürcülərin yolu ilə gedə bilmədilər, ən yaxşı halda "Qarabağ"da "ilişib-qaldılar?"

Azərbaycan U-19 yığmasının ovaxtkı baş məşqçisi Vüqar Məmməd Teleqraf-a müsahibəsində həmin tarixi qarşılaşmaları xatırlayıb və bu nailiyyətin davamının gəlməməsinin səbəblərini açıqlayıb:

- Azərbaycanın U19 yığmasının elit-raunda vəsiqə qazandığı həmin seçmə mərhələnin oyunlarını necə xatırlayırsınız?

- Seçmə mərhələdəki ilk oyunumuz hələ də xatirimdədir. Gürcüstanın Mixail Mesxi stadionunun ehtiyat meydanında keçirilən bu qarşılaşma zamanı hava şəraiti əlverişsiz idi, yağış nəticəsində ot örtüyü çox ağır vəziyyətdə idi. Rəqibimiz isə fiziki baxımdan güclü olan İsrail millisi idi. Təəssüf ki, həmin oyunu 1:4 hesablı məğlubiyyətlə başa vurduq. Nəticədən əlavə, komandamızın əsas heyət üzvlərindən İbrahim Hüseynov və Zamiq Əliyev ciddi zədələr aldılar. O dövrdə hər iki futbolçu “Qarabağ”ın heyətində çıxış edirdi.
Eyni turun digər qarşılaşmasında Gürcüstan yığması Lixtenşteyni 8:0 hesabı ilə məğlub etmişdi.

İkinci turda əsas meydançada, yerli azarkeşlərin önündə Gürcüstan yığması ilə üz-üzə gəldik. Qarşılaşmanın son dərəcə çətin keçəcəyini bilirdik. Bu oyundan əvvəl İsrail millisi Lixtenşteynə qarşı görüşdə 90-cı dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, biz Gürcüstanla oyunda məğlub olsaydıq, son tur qarşılaşması nəticəmizdən asılı olmayaraq, bizim üçün əhəmiyyət daşımayacaqdı.

Komanda olaraq böyük əzmkarlıq göstərdik və nəticədə Gürcüstan üzərində 2:1 hesablı qələbə qazandıq. Son turda isə Gürcüstan İsrail millisi ilə 1:1 hesablı bərabərə qalaraq 4 xalla üçüncü yeri tutdu. Biz isə Lixtenşteyni 3:0 hesabı ilə məğlub edərək 6 xalla qrupda ikinci yeri tutduq və elit-raunda vəsiqə qazandıq.

- Elit raunda vəsiqə uğrunda ən vacib oyununuz Gürcüstana qarşı idi?

- Gürcüstanla oyun bizim üçün çox vacib idi. Yalnız qələbə və ya heç-heçə nəticəsində növbəti mərhələyə vəsiqə şansımız qalırdı. Bu yaş qrupu ilə (2000–2001 təvəllüdlü futbolçular) daha əvvəl U-17 səviyyəsində Gürcüstanda iki dəfə qarşılaşmışdıq və rəqibi yaxından tanıyırdıq.

Turnirə təxminən bir ay yarım qalmış Bolqarıstanda yerli yığma ilə Gürcüstan arasındakı oyunu stadiondan canlı izləyərək, rəqib komandaya dair ətraflı analiz aparmışdıq. Hər bir futbolçunun fərdi xüsusiyyətlərini belə dəyərləndirmişdik. Bu da oyun öncəsi hazırlıqlarımıza mühüm töhfə vermişdi.

Gürcüstana 20 futbolçu ilə yollanmışdıq:

Qapıçılar: Nail Alışov ("Neftçi", 2000), Nicat Möhbəliyev ("Qarabağ", 2000), Əkbər Vəliyev ("Keşlə" - indiki "Şamaxı", 2001)
Müdafiəçilər: İbrahim Hüseynov ("Qarabağ", 2000), Elnur İbrahimov ("Spartak-2" Moskva, Rusiya, 2001), Rauf Hüseynli ("Qarabağ", 2000), Zahid Mərdanov ("Sabah", 2000), Zamiq Əliyev ("Qarabağ", 2001), Vüsal Məsimov ("Qəbələ", 2000), Rüstəm Nuriyev ("Qəbələ", 2000)
Yarımmüdafiəçilər: İdris İnqilablı ("Qəbələ", 2001), Turan Vəlizadə ("Qarabağ", 2001), Tural Bayramov ("Qarabağ", 2001), Elvin Cəfərquliyev ("Qarabağ", 2000), Şakir Seyidov ("Sabah", 2000), Samir Qurbanov ("Qəbələ", 2001), Elvin Talıbov ("Qarabağ", 2000)
Hücumçular: Murad Mahmudov ("FSV Frankfurt", Almaniya, 2000), Emil Qasımov ("Sabah", 2000), Kamran Quliyev ("Jonova", Litva, 2000)

- Həmin vaxt Gürcüstan millisinin futbolçularından, xüsusən Xviça Kvaratsxeliyanın gələcəyin ulduzu olacağını düşünürdünüz?

- Xviça Kvaratsxeliya haqqında yalnız müsbət fikirlər səsləndirə bilərəm. Onu 15 yaşından tanıyır və inkişafını daim izləyirdim. Xviçanın topla davranış texnikasının səviyyəsi doğrudan da gözəl idi. Oyuna hazırlıq zamanı Kvaratsxeliya ilə bağlı xüsusi təlimat vermişdim. Xvica topla olanda bəzi epizodlarda müdafiə zamanı cinah oyunçumuz birəbir qalanda dayaq yarımmüdafiəçilərimizdən birinin daim onu sığortalamasına dair tapşırıq vermişdim.

Oyun zamanı Gürcüstanda olduğumuz dövrdə Xviçanın atası, keçmiş futbolçu Badri Kvaratsxeliya bizi ziyarət etmişdi. Onunla olan söhbətdən aydın olurdu ki, Xviçanın inkişafı üçün ailəsi, menecerləri və xüsusən də atası böyük səylər göstərir. Bu gün onun əldə etdiyi uğurlar, demək olar ki, planlı və məqsədyönlü fəaliyyətin nəticəsidir.

- Azərbaycan yığması qələbəni hansı üstünlükləri sayəsində qazandı?

- Bu komandadakı futbolçuları artıq iki il idi ki, U-17 səviyyəsindən başlayaraq, yaxşı tanıyırdım. U-19 səviyyəsində isə 2018-ci ilin yanvarından noyabra qədər AFFA komandamız üçün çox əlverişli şərait yaratmışdı. Bu müddət ərzində 7 təlim-məşq toplanışı təşkil olunmuş, 40-dək futbolçu hazırlıq proseslərinə dəvət almışdı və nəzarətdə saxlanılırdı. Yerli və xarici çempionatlarda çıxış edən oyunçularımızı mütəmadi izləyirdik.
Komandamızın məşqçi və texniki heyəti ilə birlikdə futbolçularla, klublarla sıx əlaqə saxlayırdıq. Hətta klubda çalışan mütəxəssislərlə daim əlaqədə olaraq, əlavə fərdi məşqlərin təşkili də işimizin bir hissəsi idi. Beynəlxalq təlim-məşq toplanışlarında Bolqarıstan, Rusiya, Uels, Macarıstan, Slovakiya, ABŞ və digər ölkələrin komandaları ilə yoldaşlıq oyunları keçirmişdik.

Düşünürəm ki, fiziki, texniki və taktiki baxımdan Gürcüstan millisi ilə bərabər səviyyədə idik. Eyni zamanda komandamızın psixoloji hazırlığı, motivasiya səviyyəsi və oyunçuların şəxsi məsələlərinə göstərilən diqqət də nəticəyə ciddi təsir göstərdi. Çünki futbolçunun meydanda maksimum nəticə verməsi üçün onun şəxsi həyatındakı problemlərin də diqqətdən kənarda qalmaması vacibdir. Bundan başqa turnirin final mərhələsinin Ermənistanda keçiriləcəyi amili də komandamıza əlavə motivasiya verirdi.

Mən sizə önəmli bir məqamı da deyim: Biz o zamanlar Azərbaycan olaraq, İspaniya İtaliya və s. güclü rəqiblərə oynamaq üçün təklif göndərirdik, onlar isə Azərbaycan adı eşidən kimi təklifi geri çevirirdilər. Ancaq biz elit-raunda vəsiqə qazanan kimi İspaniya, Şotlandiya kimi komandalar bizimlə oynamaq istədiklərini bildirdilər. Ona görə də düşünürəm ki, biz bu gün də pillə pillə belə mərhələləri bacarıqla keçməliyik ki, güclü rəqibləri bizimlə oynamağa məcbur edərək, səviyyəmizi qaldırmalıyıq. Çox təəsüf hissi ilə bunu deyə bilərəm ki, həmin ildən bu günədək U-19 səviyyəsində hec nəyə nail ola bilmirik.

- Bu nailiyyəti elit-raundda davam etdirə bilməməyinizin səbəbi nə oldu?

- Rəqiblər güclü idi, heyətlərində Avropanın səviyyəli komandalarında oynayan futbolçular yer alırdı. Bizdə isə həm zədəli, həm də çəzalı futbolçular oldu, tam heyətlə çıxış edə bilmədik. Rusiya ilə 0:0 hesablı heç-heçə etsək də, İrlandiyaya 1:3, Rumıniyaya 0:4 hesabı ilə uduzduq.

- Niyə həmin futbolçular sonradan karyeralarında gözlənilən irəliləyişi göstərə bilmədilər?

- 18 yaş futbolçular üçün çox mürəkkəb və dönüş nöqtəsi olan dövrdür. Bu mərhələdə bəziləri ali təhsil almağa çalışır, digərləri hərbi xidmətə yollanır, kiminsə ailə vəziyyəti çətin ola bilər. Bütün bu sosial və şəxsi amillər futbolçunun karyerasına birbaşa təsir göstərir.

Eyni zamanda, bu yaşda futbolçunun peşəkar inkişafı üçün düzgün klub seçimi və ya keyfiyyətli mütəxəssisin rəhbərliyi altında çalışması vacibdir. Həmin komandanın 80–90 faizi bu gün Premyer Liqa və ya I Liqada çıxış edir. Yalnız İbrahim Hüseynov və Elvin Talıbov peşəkar futboldan uzaqlaşıblar.

O dövrdə onların klub tapmaları və xaricdə oynamaları üçün müxtəlif istiqamətlərdə çalışdım. Müxtəlif ölkələrdə əlaqədə olduğum klublarla danışıqlar aparmış, bəzilərini yoxlanışlara göndərmişdim. Lakin orada uzun müddət qalaraq möhkəmlənə bilmədilər. Bu isə göstərir ki, beynəlxalq arenada uğur qazanmaq üçün yalnız oyun bacarığı kifayət etmir. Futbolçu xarici dil bilməli, yeni mühitə uyğunlaşmalı və səbirli olmalıdır. Psixoloji və mental hazırlıqlı olmalıdılar. Bu keyfiyyətlər olmadan xaricdə uğur qazanmaq çətindir.

Gördüyünüz kimi, nə qədər önəmli detallar var, bunların üzərində rəhbərlik, məşqçilər heyəti, futbolçular özləri, hamı bir komanda kimi çalışmaqla, bu inkiaşafa və uğura nail olmaq mümkündür.



- Rəhbərliyiniz altında çıxış etmiş futbolçular arasında kimlər irəli getdi, kimlər isə futbolu tərk etdi?

- 2009 - 2019-cu illər ərzində müxtəlif yaş qruplarında milli komandalarla çalışmışam. Baş məşqçi kimi isə əsasən 2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü futbolçulara rəhbərlik etmişəm.

Hazırda aşağıdakı futbolçular Premyer Liqada çıxış edirlər:

- "Qarabağ": Elvin Cəfərquliyev, Toral Bayramov, Musa Qurbanlı, Nəriman Axundzadə, Amin Ramazanov
- "Sabah": Nicat Möhbaliyev, Şakir Seyidov
- "Araz-Naxçıvan": Turan Vəlizadə, Elçin Mustafayev, Ramin Nəsirli, Vüsal Şabanov
- "Kəpəz": Rauf Hüseynli, Ümid Səmədov
- "Neftçi": Rüstəm Samiqullin
- "Səbail": Rüfət Abdullazadə, Samir Abdullayev
- "Sumqayıt": Səbuhi Abdullazadə, Ayxan Süleymanlı, Kamran Quliyev
- "Turan Tovuz": Rüfət Əhmədzadə, Veysəl Rzayev
- "Zirə": Ceyhun Nuriyev
- "Şamaxı": Vüsal Məsimov, Rauf Rüstəmli, Cəlal Hüseynov

Xarici klublarda çıxış edənlər arasında Zamiq Əliyev (“Egnatiya” Albaniya) və Murad Mahmudov (Almaniyanın aşağı liqalarında) var.

Qalan futbolçuların bəziləri ölkədaxili I Liqa komandalarında çıxış edir. Futbolla vidalaşanlar da var. Bildiyim qədərilə, İbrahim Hüseynov və Elvin Talıbov hazırda futbolsuzdur. Ola bilər ki, digər yaş qruplarında çıxış edənlərin bəziləri də futboldan uzaqlaşıblar. Dəqiq yadımda qalmayıb. Qeyd etdiyim oynayan futbolçularla mütəmadi çempionat oyunları ərəfəsində görüşürük.