BAKI, 26 may. TELEQRAF

“Real Madrid”in hücumçusu Kilian Mbappe 2024/25 mövsümündə “Qızıl buts”u qazanıb.

Teleqraf xəbər verir ki, 26 yaşlı futbolçu La Liqada debüt mövsümündə 31 qola imza atıb.

“Sportinq”in hücumçusu Viktor Qyökereş daha çox qol vursa da, Portuqaliya çempionatının əmsalı zəif olduğundan fransalı forvard birinci yeri tutub.

Mbappe Tyerri Anridən (2004/05) sonra “Qızıl buts”u alan ilk fransalı olub. “Real Madrid”də isə sonuncu dəfə bu mükafatı portuqaliyalı Kriştianu Ronaldu (2014/15) qazanıb.

Qeyd edək ki, “Qızıl buts” Avropa ölkələrində mövsümün ən məhsuldar futbolçusuna verilir.

2024/25 mövsümündə ən yüksək xal qazanan futbolçular bunlardır:

1. Kilian Mbappe (“Real Madrid”), 31 qol x 2 = 62 xal

2. Viktor Qyökereş (“Sportinq”), 39 x 1,5 = 58,5

3. Məhəmməd Salah (“Liverpul”), 29 x 2 = 58

4. Robert Levandovski (“Barselona”), 27 x 2 = 54

5. Harri Keyn (“Bavariya”), 26 x 2 = 52