BAKI. 25 may. TELEQRAF

“Bakıdakı dünya çempionatına tarixdə olan ən yaxşı minifutbol turniri deyə bilərəm".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Minifutbol Federasiyasının (WMF) vitse-prezidenti Peter Kralik deyib.

Onun sözlərinə görə, təşkilatçılar çox böyük iş görüblər: "Arena, oyunçuların daşınması - hər şey möhtəşəmdir. İnanıram ki, bu dünya çempionatı bizim minifutbolu daha da yüksəklərə çatdıracaq və gələcək üçün böyük uğurlara qapı açacaq. Şadam ki, Slovakiyadanam. Slovakiyada Azərbaycan yığması Avropa çempionluğunu qazandı. 1/4 finalda onlar Slovakiyanı məğlub etdilər. Şadam ki, 2022-ci il Avropa çempionatı bu dünya çempionatının Azərbaycanda keçirilməsi üçün böyük qapı oldu”.

Federasiya rəsmisi Slovakiyanın qrupdan çıxa bilməməsini belə əsaslandırıb: “Bu, idmandır. Nə etmək olar? Bəzən məğlub, bəzən də qalib olursan. Azərbaycan da bu gün məğlub ola bilərdi. Bu gün Rumınıya kimi son dünya çempionu məğlub olsa, qrupda qala bilər”.

O, Slovakiya yığmasında ciddi dəyişiklik olacağını qeyd edib: “Bəllidir ki, bəzi şeylər düz getmir. Biz onları dəyişdirməliyik. Ən yaxşı idmançılar bizdə olub. Buna baxmayaraq, biz qrupdan çıxa bilmədik. Deməli, nə isə düz getmir. Bu halda mütləq dəyişiklik olmalıdır”.

WMF rəsmisi əvvəlki illərdə keçirilən və Bakıdakı dünya çempionatının təşkilatçılığını belə müqayisə edib: “Çox fərqlənir. Biz ötən dünya çempionatını Birləşmiş Ərəb Əmirliklərində keçirmişdik. Orada sahildə, açıq havada tikilmiş stadion idi. Ən böyük fərq odur ki, bu il dünya çempionatının keçirildiyi Azərbaycan minifutbol üzrə ən güclü üç ölkədən biridir. Təbiidir ki, onlar dövlət dəstəyi alacaqlar. Turniri hamısından da gözəl keçirəcəkləri bəlli idi”.

O, Azərbaycan millisindən gözləntilərini də bölüşüb: “Çox çətin olacaq. Azərbaycan millisi çox böyük təzyiq altında oynayır. Çünki onlardan gözləntilər çox yüksəkdir. İstər tamaşaçılar, istər media - hamı onlardan qələbə gözləyir. Bu da təzyiqi xeyli artırır. Bu, mental baxımdan güclü qalmağı çox çətinləşdirir. Hər bir idman növündə belədir ki, ev sahibisənsə, səndən gözləntilər böyük olur. Bacardığın qədər böyük uğur əldə etməlisən”.

Vitse-prezident “Minifutbol idman növünün peşəkar səviyyədə qəbul olunması yolunda hansı addımlar atılır” sualını isə belə cavablandırıb: “Biz minifutbolu inkişaf etdiririk. Bu yolda təkcə bir federasiya, bir qurumun köməyi bəs etmir. Bütün qurumlarla danışıqlar aparırıq ki, minifutbolu bacardığımız qədər inkişaf etdirək. İdman növləri ilə məşğul olanların 99 faizi həvəskardır. 1 faiz idmançılar professional olur. Minifutbolun peşəkar idman növü olmaması ilə razılaşmıram. Həndbol, basketbol, futbol və s. növlərdə idmançıların çoxu həvəskardır. Bəziləri professionaldır”.

Peter Kralik minifutbolun yaxın gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salınması ehtimalına belə münasibət bildirib: “Şəxsi fikrmcə, olimpiadanın yeni idman növlərinə ehtiyacı var, yenilənməlidir. Düşünürəm ki, minifutbol olimpiada üçün çox gözəl idman növüdür. Bu, mənim şəxsi fikrimdir”.