BAKI. 24 may. TELEQRAF

"Gələn mövsüm də buradayıq".

Teleqraf xəbər verir ki, bunu "Şamaxı" komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

44 yaşlı mütəxəssis klubda işini davam etdirməsinə dair qərarını işini yarımçıq qoymaq istəməməsi ilə əlaqələndirib: "Bu, son günlər dəqiqləşdi, amma bir aydır rəhbərliklə gələcək mövsümə dair çox böyük müzakirələr aparırdıq. Bir yola çıxmışıq, yarımçıq qoymaq da istəmirəm. Baş məşqçi olaraq, böyük riskə giririk. Bu mövsüm də böyük risk altında idik. Amma inamlıyam. Böyük bir yol çəkmişik, o yolu getmək lazımdır. Yarımçıq qoymaq, məncə, düz olmazdı. Rəhbərlik də fədakarcasına çalışır. İnanıram ki, çətinlikdən çıxacağıq.Yeni oyunçular gələcək. Çalışacağıq ki, daha dinamik komanda qurmaq, daha gənc və perspektivli futbolçular istəyirik. Nə qədər alınacağını zaman göstərəcək. Bu yöndə danışıqlarımız bitib, seleksiyamıza başlamışıq".

Abbasov klublara ayrılan məbləğin 3 milyon manatdan 2,5 milyon manata enəcəyinə dair xəbərlərin klublara ciddi təsir edəcəyini söyləyib: "Rəsmi olmasa da, bilirik ki, dövlərin ayırdığı məbləğ aşağı düşəcək. Bizdən başqa sponsorsuz komandanın olub-olmadığını bilmirəm. Hazırda komandamıza başqa bir dəstək yoxdur. Bu mövsüm də ən az büdcə ilə mübarizə apardıq. 500 min manat bizim üçün çox böyük məbləğdir. Böyük büdcəli digər klub rəsmilərinin müsahibələrini oxuyuram. Hətta onlar da deyirlər ki, özləri üçün çox çətin olacaq. Bu halda fikirləşirəm ki, görəsən bizim üçün necə olacaq"?