BAKI, 24 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunun növbəti oyununda “Sabah” “Neftçi”ni qəbul edib.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Baş hakim Tural Qurbanovun idarə etdiyi qarşəlaşmanın 50-ci dəqiqəsində Sofian Çakla Mustafa Sekə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Azlıqda qalmasına baxmayaraq, "Sabah" 64-cü dəqiqədə qol vurmağı bacarıb. Cesse Sekidikanın zərbəsindən sonra "Neftçi"nin qapıçısı Rza Cəfərov kobud səhvə yol verib və top qapıya daxil olub. Bu, Sekidikanın çempionatda 11-ci qolu olub.
76-cı dəqiqədə isə "Neftçi"nin legioneri Edvin Kuç rəqibi təkbətək imkanından kobud oyunla məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda oyunçu sayı bərabərləşib. Qalan dəqiqələrdə qol olmayıb.
Bu nəticədən sonra Vasili Berezutskinin kollektivi xallarını 48-ə çatdıraraq mövsümü 5-ci pillədə başa vurub. Samir Abbasovun komandası isə 43 xalla 6-cı olub.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Şamaxı”nı 1:0 hesabla məğlub edib. İlk oyun günündə isə “Sumqayıt” səfərdə “Səbail”ə 4:1 hesab ilə qalib gəlib. Turun son günündə “Turan Tovuz” “Kəpəz”i, “Araz-Naxçıvan” isə “Zirə”ni qəbul edəcək.