BAKI, 23 may. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXVI tura start verilib.
Teleqraf-ın məlumatına görə, son turun açılış matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.
"ASCO Arena"da keçirilmiş görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin legioneri Suleyman Alluş açıb. Bundan cəmi 7 dəqiqə sonra Sertan Taşkın bərabərlik qolunu vurub.
59-cu dəqiqədə Giorgi Karaişvili penaltini panenka zərbəsi ilə yerinə yetirərək, "Sumqayıt"ı hesabda önə çıxarıb. 79-cu dəqiqədə Ronaldo Vaskes komandasının üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Roy Kehat qoyub. "Gənclik şəhəri təmsilçisi"nin ən məhsuldar oyunçusu olan israilli legioner bu mövsüm Premyer Liqada 6-cı qolunu vurub.
Beləliklə, bu qələbə sayəsində xallarını 33-ə çatdıran "Sumqayıt" 8-ci pilləyə yüksəlib. "Səbail" isə 22 xalla 10-cu pillədədir və Premyer Liqanı tərk edib.
Qeyd edək ki, turun qalan oyunları 24 - 25 mayda keçiriləcək.