BAKI. 23 may. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXVI tura start veriləcək.

Teleqraf xəbər verir ki, son turun açılış oyunu "ASCO Arena"da "Səbail" və "Sumqayıt" komandaları arasında keçiriləcək.

Saat 19:30-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.

35 oyundan 22 xalla sonuncu - 10-cu yerdə "Səbail"in I Liqaya enəcəyi dəqiqləşib. 30 xala malik "Sumqayıt" isə 9-cudur və qələbə təqdirində, ən azı iki gün müddətinə 8-ci pilləyə yüksələ bilər.

Bu, iki komanda arasında 30-cu oyun olacaq. Əvvəlki qarşılaşmaların 9-da "Səbail", 17-də "Sumqayıt" qalib gəlibsə, daha 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Sumqayıt" öndədir - 38:23.

Digər tərəfdən, bu komandaların son 5 görüşündə qonaq olan komanda qol vurub. “Səbail” son 4 ev oyununda məğlub olub.

Azərbaycan Premyer Liqası, XXXVI tur

23 may (cümə)

19:30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
ASCO Arena

Qeyd edək ki, turun digər görüşləri 24-25 mayda olacaq.