BAKI, 20 aprel. TELEQRAF
"Burada xoşbəxtəm".
Bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi qələbə qazandıqları üçün özünü xoşbəxt sayıb: "Çoxlu qol fürsətləri yaxaladıq və bunların 3-dən yararlanmağı bacardıq".
Əlcəzairli oyunçu komandasının çempionluğuna şübhə etmədiyini bildirib: "Qızıl medalları əldən verməyimiz mümkünsüz görünür. Bunun üçün gərək 5 oyunun hamısında uduzaq, “Zirə” isə 6 matçda da qalib gəlsin. Təbii ki, bizim ardıcıl 5 oyunda məğlub olmağımız qeyri-realdır. Deyə bilərik ki, biz çempionuq. “Zirə”nin “Sumqayıt”la matçda xal itirib-itirməməsi barədə düşünmürük. Ümid edirəm ki, növbəti turda çempionluğumuzu rəsmiləşdirərik".
O, Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Araz-Naxçıvan"la keçirəcəkləri cavab oyunu barədə də danışıb: "Bu gün gözəl oyunla qələbə qazandıq. Belə oyunla "Araz-Naxçıvan"ı da üstələməyə çalışacağıq".
Benzia "Qarabağ"dakı gələcək taleyi barədə isə bunları deyib: "İyuna qədər müqaviləm var. Yeni sözləşmə istiqamətində rəhbərliklə danışıqlarımız gedir".