BAKI, 18 sentyabr. TELEQRAF
Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Feliks Nmeça İngiltərə Premyer Liqasının iki nəhənginin diqqətini çəkib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” və “Mançester Siti” 25 yaşlı yarımmüdafiəçinin çıxışını yaxından izləyir.
“Borussiya Dortmund” futbolçunun transferi üçün 120 milyon avro tələb edib. Nmeçanın klubla müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Bununla yanaşı, bəzi məlumatlara görə, 2027-ci ildən etibarən onun müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi qüvvəyə minəcək.
“Liverpul” və “Mançester Siti”nin Nmeçanı transfer etməkdə maraqlı olduğu bildirilir. “Liverpul”un yarımmüdafiə xəttini gücləndirmək istədiyi, “Mançester Siti”nin isə alman futbolçunun oyun üslubunu heyət üçün uyğun hesab etdiyi qeyd olunur.
Bundesliqa klubu Nmeçanın mövsümün sonunadək xidmətindən yararlanmaq niyyətində olduğu bildirilir. Lakin “Borussiya Dortmund”un gələn yay yüksək məbləğdə təklif gəldiyi halda onun satışına razılıq verə biləcəyi vurğulanır.
Qeyd edək ki, Almaniya millisinin üzvü ötən mövsüm Dortmund təmsilçisinin əsas oyunçularından birinə çevrilib. O, bütün turnirlərdə 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Nmeça bu mövsümə də ilk 6 matçda 2 dəfə fərqlənib.