BAKI, 17 sentyabr. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Rafinya yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, braziliyalı hücumçu buna La Liqanın VI turunda “Rasinq Santander”lə matçda (7:2) het-trik edərək nail olub.

Rafinya bununla İspaniya çempionatında yeni mövsüm qollarının sayını 9-a çatdırıb. Bununla da o, bombardirlər siyahısında ilk pilləyə yüksəlib. Kilyan Mbappe 7 qolla lider olsa da, Rafinya “Rasinq Santander”lə matçdan sonra zirvəni ələ keçirib.

“Stats du Foot”un məlumatına görə, La Liqanın ilk 6 turunda 9 qol vuran sonuncu futbolçu Lionel Messi olub. Argentinalı ulduz bu göstəriciyə 2017/18 mövsümünün startında imza atıb.

Rafinya bu mövsüm La Liqada “Rasinq Santander”ə 3, “Elçe”yə 2, “Rayo Valyekano”ya 2, “Atletik Bilbao” və “Valensiya”ya isə 1 qol vurub. Yalnız “Levante” ilə görüşdə fərqlənə bilməyib.

Messi isə 2017/18 mövsümünün ilk 6 turunda 9 qolu 3 matçda vurub. O, “Eybar”a 4, “Espanyol”a 3, “Alaves”ə isə 2 dəfə qol vurub. Messi həmin mövsümü La Liqada 34 qolla bombardir kimi başa vurub.

Rafinya bütün turnirlər nəzərə alınmaqla da yüksək göstəriciyə malikdir. O, bu mövsüm 11 qol vurub. Bunlardan 2-si UEFA Çempionlar Liqasının payına düşür. Braziliyalı futbolçu Avropanın “böyük beşlik” liqalarında çıxış edən klubların oyunçuları arasında mövsümün əvvəlindən ən çox qol vuran futbolçudur.