BAKI, 18 sentyabr. TELEQRAF
Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında iştirak edəcək komandaların mübarizə aparacağı qruplar müəyyənləşib.
Teleqraf FIFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi AF qrupunda yer alıb.
Yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.
Ümumilikdə turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Yarışın ilk oyunları 24 oktyabrda, final qarşılaşmaları isə 30 oktyabrda keçiriləcək.
Turnirdə komandalar 8x8 formatında qarşılaşacaq. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Qrup mərhələsinin yekunlarına əsasən, iştirakçılar altı performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününədək mübarizəni davam etdirəcəklər.
Yarış çərçivəsində ümumilikdə 943 oyun keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Olimpiya İdman Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə Azərbaycanda keçirilir. Turnirdə 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.