
BAKI, 30 mart. TELEQRAF
İspaniya La Liqasının 29-cu turunda “Real Madrid” öz meydanında “Leqanes” üzərində əzmkar qələbə qazanıb – 3:2.
Teleqraf xəbər verir ki, Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilən matçda hesabı 32-ci dəqiqədə Kilian Mbappe penaltidən vurduğu qolla açıb.
Fasiləyə qədər qonaqların heyətində Dieqo Qarsiya və Daniel Raba fərqlənib.
Fasilədən sonra, 47-ci dəqiqədə meydan sahiblərinin ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem hesabı bərabərləşdirib. Görüşün 76-cı dəqiqəsində Mbappe dubl edərək, “Real”a əzmkar qələbə qazandırıb.
Türkiyə yığmasının gənc oyunçusu Arda Gülər “Real”ın start heyətində matça başlayıb, 62-ci dəqiqədə Rodriqo ilə əvəzlənib.
Hazırda turnir cədvəlinə 63 xalla (28 oyun) “Barselona” başçılıq edir. Liderdən bir oyun çox keçirən “Real Madrid” də eyni xalla ikinci yerdədir. “Leqanes” 27 xalla (29 oyun) 18-ci pillədə mövqe tutub.