BAKI, 1 aprel. TELEQRAF

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Babayevdir. Onların yerinə yeni təyinat olmayıb.

Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə nazirliyin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimovu və Nadim Babayevi 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.

Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, İ.Kərimov Vüqar Mustafayev nazir təyin olunmamışdan əvvəl işdən çıxarılıb, N.Babayev isə təxminən bir il əvvəl vəzifəsindən azad olunub.