
BAKI, 1 aprel. TELEQRAF
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail İbrahimli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Rusiya-Ukrayna müharibəsi fonunda qlobal miqyasda baş verən dəyişikliklər nədən ibarətdir? Sanki Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla məlum qalmaqalından sonra proseslərin axarı dəyişib. Bunu necə izah etmək olar?
- Əslində, Ağ Evdəki qalmaqal məsələnin görünən tərəfi idi. İndi də bu mövzu dünya mediasının gündəmindən düşməyib. Fakt odur ki, demokratiyanın beşiyi olan ABŞ-də Trampla-Zelenski arasındakı dialoq dünya siyasətində yeni üslub kimi ortaya çıxır. Azərbaycan cəmiyyəti üçün bu yad mənzərə deyil. Haqsızlığın, torpaq işğalının nə olduğunu Azərbyacanda hamı yaxşı başa düşür. Rəzil qüvvələr qarşısında necə bir durumun yarandığı cəmiyyətimizə bəllidir. Bəlkə də əraziləri işğal edilməyən insanlar bu prosesi sona qədər dərk etməkdə çətinlik çəkə bilərlər. Təəssüf ki, həmin məsələlərə münasibətdə ayrı-ayrı nüanslar üzərində daha çox dayandılar. Ümumilikdə prosesin kökündə tamam başqa məqamlar var. İkinci Dünya müharibəsindən sonra ABŞ-nin strateji kursunda duran məsələlərdən biri sosializm sistemini dağıtmaq və keçmiş SSRİ məsələsi olub. SSRİ dağıldıqdan sonra isə onun yerində olan Rusiya Federasiyası keçmiş imperiyanın diktatorluq mirasını ələ keçirdi. Bununla da keçmiş Sovet İttifaqında olan dövlətlərlə müxtəlif formada rəftara başladı. Misal üçün, Moldova üçün Dnestryanı ərazilərdə problemlər yaradıldı, Orta Asiyada hərbi bazalar formalaşdırıldı, Azərbaycan üçün Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi isə hər iki tərəfi sapdan asılı hala salmışdı. İrəvana "ipini qıraram", Bakıya isə "daha çox işğala məruz qalarsınız" mesajları verilirdi. 30 il bu proses davam etdi. Ona görə də keçmiş SSRİ-nin yerinə oturan Rusiya hələ də dünya üçün təhlükə olaraq qalırdı. Amma bu təhlükə təkcə Rusiya ilə bağlı deyildi. Gələcəkdə ən böyük təhlükə “Slavyan İmperiyası” idi. SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalar müstəqil olsalar da, dünya və xüsusən də Amerika üçün qəbulolunmaz bir məsələ vardı. Günlərin birində məhz Ukraynanın da daxil olduğu üç slavyan respublikası, yəni Rusiya-Ukrayna və Belarus bir imperiya – “Slaviyan İmperiyası” yarada bilərdilər.
- Belə bir imperiyanın yaranması Avropa və ABŞ üçün nə kimi təhdidlər yarada bilərdi?
- Yarana biləcək “Slavyan İmperiyası” ərazisinə, iqtisadi durumuna, yeraltı-yerüstü sərvətlərinə görə, Avropadan böyük olacaqdı. Onun günçıxandan-günbatana sərhədi formalaşırdı. Burada Belarus ilə bağlı problem yoxdur. O artıq Kremlin ovcundadır. Ukrayna isə fərqli rakursda dururdu. SSRİ dağılmasından Volodimir Zelenskinin hakimiyyətə gəlməsinə qədər Ukraynanın üzərində bəzi qüvvələr məqsədli işlər apadılar, hakimiyyəti əldən-ələ verdilər. Yuliya Timoşenkonun (Yuliya Timoşenko 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub) timsalında prosesləri idarə etməyə cəhdlər oldu. Daha sonra demokrat adlandırdıqları şəxsləri hakimiyyətə gətirdilər. Nəhayətdə, Volodimir Zelenskini Ukraynada hakimiyyətə gətirdikdə özlərinin nəzərdə tutduğu böyük strateji kursu reallaşdırmağa başladılar. Çünki Zelenskiyə qədər Ukraynada prezident olmuş Petro Poroşenko ayağının birini götürüb, birini qoyurdu, irəli gedə bilmirdi. Bu isə böyük güclərin istədiyini əldə etməsi üçün kifayət etmirdi.
- Belə çıxır ki, Rusiya-Ukraya müharibəsinin başladılması “Slavyan İmperiyası” layihəsinin gerçəkləşməsinə qarşı olub...
- Məqsəd “Slavyan İmperiyası”nın qurulmasının qarşısını ala biləcək prosesin başlanması idi. Bunun yeganə yolu Rusiya ilə Ukrayna arasında müharibə yaratmaq, düşmənçilik formalaşdırmaq əsas məqsəd olub. İki slavyan xalqı arasında dərin bir uçurum yaratmaq üçün bütün imkanlarını səfərbər etdilər. Amma bu amil ortaya qoyulan heç bir təhlildə nəzərə alınmır. Əslində, Amerika bunu bacardı, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin irəli sürdüyü proqramın biri reallaşdı. Artıq Avropa və Amerika rahat yaşaya biləcəklərini düşünürlər. Çünki iki slavyan qardaş arasında yüz illərlə davam edəcək ədavət toxumu səpildi.
- Rusiyanın zəiflədilib sıradan çıxarılması ilə bağlı hansı planlar var idi?
- Ukrayna-Rusiya müharibəsi başlayanda ABŞ və Avropada düşünürdülər ki, Moskvanı iqtisadi, siyasi sanksiyalarla məngənəyə salıb, onu gücdən salacaqlar, nəhayət Rusiyada xalq ayağa qalxıb Vladimir Putini hakimiyyətini devirəcək. Bununla da onlar öz istəklərinə nail olacaqlar. Əslində, burada Putinin ətrafı tərəfindən aldadılması amilini də diqqətdən qaçırmaq olmaz. Qazaxıstanda olanlar, Rusiyanın ora müdaxiləsi, Gürcüstan məsələsi, sürətlə Krımın Ukraynadan alınması kimi amillər Putində arxayınlıq yaratmışdı. Avropa və Amerikada isə əksini düşünürdülər. Onlar Rusiyanın Ukrayna ilə müharibəyə başlayandan qısa zaman sonra çökəcəyini proqnozlaşdırırdılar. Bu baş vermədi və iki slavyan xalq artıq illərlə sürən müharibənin içinə düşdü. Ukraynalıların müharibədə ölməsi həmin qüvvələr üçün heç də təsirli deyil. Nəhayətdə ölənin slavyan olduğunu dərk edirlər. Ukraynada olan qətliam və dağıntılar Avropa və Amerika üçün əsla maraqlı deyil. Onlar üçün əsas odur ki, “Slavyan İmperiyası”nın yaranmasını əngəlləyə biliblər.
- Planın ikinci hissəsi nədən ibarət idi?
- Müharibənin gedişində Rusiya özünü müdafiə edə bildi, eyni zamanda Ukrayna qısa müddətdə işğal olunmadı. Həmçinin Kremlin qısa müddətə Kiyevi götürmək planı ilə yanaşı, Rusiyanın parçalanacağı iddiaları fiaskoya uğradı. Bu, ABŞ-nin strateji kursu idi. Keçmiş ABŞ prezidenti Cozef Bayden ömrünü Amerika konqresində keçirmiş şəxs kimi bu kursun həyata keçməsinə nail olmuşdu. Ümumiyyətlə, dövlət siyasətində iştirak etməyən cəmi 4 illik prezidentlik təcrübəsi olan Donald Tramp isə proseslərə fərqli prizmadan baxırdı. Tramp üçün Avropanın nimdaş üzü ona çoxdan tanış idi.
- Avropanın bu prosesdə təsiredici faktor kimi çıxış edə bilməməsi nə ilə bağlıdır?
- Amerikada bundan öncəki prezidentlik yarışı dönəmində yəni, Hillari Klintonun siyasi mübarizəyə başladığı vaxtda Avropanın əsl mahiyyəti üzə çıxdı. Göründü ki, Avropa lidersiz sanki, sahibsiz bir dünyadır. Çünki Avropa hər zaman Amerikanın yedəyində gedib, NATO-ya söykənib. Faktiki olaraq, Avropada bütün daşlar Amerika tərəfindən idarə olunurdu. Misal üçün, Fransa Prezidenti Emmanuel Makronun timsalında bunu açıq görmək mümkün olur. Fransada Şarl de Qolun (Şarl de Qoll 1959–1969-cu illərdə Fransanın prezidenti olub) ardıcılı kimi Makronun müqayisəsini aparmaq məntiqdən uzaqdır. Erməni lobbisinin əsiri olan Fransa prezidenti bütün gününü onlara həsr edir. Dünyada ilk demokratik quruluş yaradan Fransanın prezidenti belə olmalı deyil. Böyük Britaniyadakı vəziyyət heç də fərqli deyil. İngiltərədə “dəmir ledi” Marqaret Tetçerdən (Marqaret Tetçer 1979-1990-cı illərdə İngiltərənin baş naziri olub, ləqəbi “dəmir ledi” idi) sonra gah türk, gah hind mənşəli baş nazir seçilir, az qala həftədə bir hökumət dəyişir. Almaniyanın isə güzəranı tamam başqadır. Helmut Kolun (Helmut Kol 1982-1998-ci illərdə Almaniyanın kansleri olub) yerinə görün Almaniyada kimlər gəlib? Liderin antropologiyasına baxdıqda onun tutumu görünür. Almaniyanın indiki kanslerində (Olaf Şolts) orta məktəbdə minimum “zavuç” (direktor müavini) ola bilmək tutumu var. O boyda Helmut Kolun Anjela Merkelin (Anjela Merkel 2005-2021-ci illərdə Almaniya kansleri olub) idarə etdiyi alman xalqının liderinin cılızlığını hamı gördü. Bütün bunlar Avropanın ümumi mənzərəsidir və Tramp da bunları bilir. Ona görə də Ağ Evdə deyilən bir söz Avropanı silkələyir.
- Trampın Putinə birmənalı münasibətinin kökündə nə dayanır?
- Bayaq dediyim kimi, Zelenski özünün tarixi rolunu başa vurub. O, təsadüf nəticəsində hakimiyyətə gəlib. Ukraynanı o deyil, onu hakimiyyətə gətirənlər idarə edir. Amma bu gün o qüvvələr yoxdur. Ukraynada böyük biznes şəbəkəsi qurmuş Baydenin oğlu yəqin ki, atasına gəlirlərinin necə təhlükədə olduğunu deyir. İndiki halda Tramp isə Baydenin leşinə sahib durmaq istəmir. Əslində, Amerikanın heç də Rusiyadan ötrü ürəyi getmir. Ağ Evin məqsədi Rusiyanı Çindən ayırmaqdır. Faktiki olaraq, bu gün Putin Trampa deyir ki, “sən Ukraynada mineral axtarma, nə istəyirsən bizdə var, buyur gəl, keç yuxarı başa”. İndi çoxları elə bilir ki, Tramp Putini dəstəkləyir, bu qətiyyən belə deyil. Ağ Evin sahibi Baydenin hikkəsini davam etdirib, sona qədər Ukraynada Rusiya ilə döyüşməklə heç nə əldə etməyəcəyinin fərqindədir. Onun qazancı başqadır. Əgər Rusiya-Ukraya müharibəsini dayandıra bilsə, Trampa sülh mükafatı da verilə bilər.