BAKI, 1 aprel. TELEQRAF

“Körpə uşaqlarda göz zəifliyinin müxtəlif səbəbləri var. Anadangəlmə səbəblərə anadangəlmə katarakta, anadangəlmə qlaukoma, vaxtından əvvəl doğulmuşların retinopatiyası, mikroftalm və sair aiddir”.

Teleqraf xəbər verir ki, bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”da oftalmoloq Nərmin Əbilova deyib.

Onun sözlərinə görə, anadangəlmə göz xəstəlikləri körpələrdə ciddi görmə zəifliklərinə səbəb olur.

"Körpələrdə rast gəlinən digər görmə zəifliklərinə miopiya, hipermetropiya, astiqmatizm aiddir. Miopiya (yaxındangörmə) gözün oxunun uzun olması və ya korneanın güclü işıq sındırması ilə əlaqədardır. Miopiya erkən yaşlarda hətta körpə 6 aylıq olandan müayinə olunub, korreksiya edilə bilər. Hipermetropiya gözün ön arxa oxunun qısa olması və ya buynuz qişanın zəif işıq sındırması ilə əlaqədardır”.

Oftalmoloq qeyd edib ki, uşaqlarda çəpgözlük və ambliopiya olarsa, hipermetropiya erkən korreksiya olunmalıdır:

“Astiqmatizm buynuz qişanın sferikliyinin pozulması nəticəsində yaranan patologiyadır. Erkən müalicə ambliopiyanın qarşısını alır. Körpə uşaqlarda ən çox rast gələn göz problemlərindən biri də çəpgözlükdür. 6 ayından sonra uşaqda çəplik müşahidə olunarsa, ixtisaslı həkim tərəfindən müayinə olunmalıdır”.