BAKI, 1 aprel. TELEQRAF

Ötən həftəsonu qurulan yeni Suriya hökuməti öz işini davam etdirməyə hazırlaşarkən, ABŞ Dəməşqə qarşı sanksiyaların ləğvi ilə bağlı şərtlərini bir daha təkrarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Al Arabiya”ya bildirilib.

ABŞ rəsmisi nəşrə deyib ki, Vaşinqton Dəməşqdən terrorla mübarizə aparmağı tələb edir. O, həmçinin əcnəbi döyüşçülərin Suriyada fəaliyyət göstərməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

ABŞ-nin sanksiyaların ləğvi ilə bağlı tələblərinə İran və onun proksi qüvvələrinin Suriya ərazisində fəaliyyətlərinin qarşısının alınması da daxildir.

Həmçinin Vaşinqton yeni hökuməti keçmiş rejimdən (Bəşər Əsəd) qalma kimyəvi silahları nəzarət altında məhv etməyə, Suriyada itkin düşmüş ABŞ və digər ölkələrin vətəndaşlarının tapılmasına yardım etməyə, ölkədəki dini və etnik azlıqların təhlükəsizlik və azadlıqlarını təmin etməyə çağırıb.