BAKI, 1 aprel. TELEQRAF
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2024-cü ildə biznes planın hazırlanması xidmətlərindən faydalananların 40%-ni məhz gənclər təşkil edib.
Agentlikdən Teleqraf-a verilən məlumata görə qrant dəstəyindən yararlanan sahibkarların da 30%-i məhz gənclər və startapçılardır.
KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bu çərçivədə həyata keçirilən “Gənclərin biznes emalatxanası” və “Bizdən biznəsə” layihələrindən indiyədək 60 gənc yararlanıb.
Bundan başqa, Agentliyin “KOB könüllüləri” proqramı da gənclərin sahibkarlıq sahəsində biliklər əldə etməsi üçün önəmli təşəbbüslərdən biridir. Bu proqram çərçivəsində indiyədək 700-dən çox gənc təcrübə proqramlarını uğurla başa vurub və onların bir çoxu özəl sektorda fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan əhalisinin təxminən 23%-ni gənclər təşkil edir.