
BAKI, 29 mart. TELEQRAF
Futbol üzrə Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda “Beşiktaş” öz meydanında “Qalatasaray”ı məğlub edib – 2:1.
İstanbul derbisində hesabı 23-cü dəqiqədə “Beşiktaş”lı Rafa Silva açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində qonaq komanda daha bir zərbə alıb. Polşalı Pşemıslav Frankovski meydandan qovulduğundan, “Qalatasaray” vacib oyunun böyük qismini azlıqda keçirib. “Sarı-qırmızılar” 10 nəfərlə oynamalarına baxmayaraq, fasiləyə qədər hesabı bərabərləşdiriblər. Matçın 45-ci dəqiqəsində Lukas Torreyra fərqlənib.
“Qara qartallar”ın qələbə topunu oyunun 66-cı dəqiqəsində portuqaliyalı Jedson Fernandes vurub. Gərgin mübarizə şəraitində keçən oyunun son anlarında hakim daha bir futbolçunu meydandan qovub. "Beşiktaş"lı Semih Kılıçsoy 90+6-cı dəqiqədə qırmızı vərəqə alıb.
Beləliklə, “Qalatasaray” mövsümdə ilk dəfə məğlub olub. Derbidə uduzmasına baxmayaraq, “sarı-qırmızılar” Türkiyə çempionatında liderliyini davam etdirir. “Qalatasaray” 71 xalla (28 oyun) birinci yerdədir. “Beşiktaş” 47 xalla (27 oyun) 4-cü sırada qərarlaşıb.
“Qalatasaray”ın məğlub olmasına “Fənərbağça” tərəfdarları da sevinib. Liderin büdrəməsi “sarı-lacivərdlilər”i çempionluq mübarizəsində ümidləndirib. “Fənərbağça” 65 xalla (27 oyun) 2-ci yerdədir. Joze Mourinyonun komandasının ehtiyatda bir oyununun olduğunu nəzərə alsaq, “Fənər”in liderə yaxınlaşmaq şansı xeyli artıb.