
BAKI, 26 mart. TELEQRAF
“2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır”.
Teleqraf xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
44 yaşlı mütəxəssis Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniya yığması ilə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra fikirlərini bildirib:
“Təlim-məşq toplanışndakı yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm"
Abbasovun fikrincə, hazırlıq prosesi səmərəli keçib: "Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.
Qeyd edək ki, U-21 toplanış zamanı ilk yoxlama matçında Moldova yığmasına qalib gəlib - 2:0.