
BAKI, 29 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXVIII turun “Turan Tovuz” – “Qarabağ” oyununu 6 500 tamaşaçı izləyib.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.
2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşlərdə 6 000 nəfər olub.
Qarşılaşma “Turan Tovuz” üçün daha bir olayla əlamətdar olub. Qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb. Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda “Qarabağ”a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.
Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran “Turan Tovuz” 70 top buraxıb. Qeyd edək ki, Premyer Liqada 2022/23 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib – 0:2.
Bütün bunlarla yanaşı, “Turan Tovuz” antirekordunu təkrarlayıb. Kurban Berdıyevin baş məşqçi olduğu komanda 1:4 hesabı ilə uduzub. Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır.
Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.
“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.