BAKI, 29 mart. TELEQRAF

“Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, martın 29-də Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, "Melissa Group"un rəhbəri Məmmədov Qalib Nurulla oğlu barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 32.3.-cü (Cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə) maddələri ilə ittiham verilib.

O, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində yerləşən evin bir hissəsinin dağıdılmasına görə cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Məmmədov saxlanılıb.