
TOVUZ, 28 mart. TELEQRAF
"Tənqidlər normaldır, azarkeşləri başa düşmək lazımdır. Özümüz də özümüzü tənqid edir, nəticə çıxarmağa çalışırıq. Biz də istəyirik ki, qələbə qazanaq. Amma əlbəttə, məğlubiyyətlər olduqda azarkeşlərin də belə reaksiya göstərmələri normaldır".
Bunu Teleqraf-a açıqlamasında "Qarabağ"ın futbolçusu Musa Qurbanlı Azərbaycan millisinin heyətindəki son uğursuzluqları şərh edərkən deyib.
23 yaşlı hücumçu çatışmazlıqların media önündə danışmaqla həll ediləcəyinə inanmadığını bildirib:"Bu, hər halda bizim məsələdir. Futbolçu kimi öz üzərimizdə daha çox işləməliyik. Uduzuruqsa, daha çox can qoymalıyıq".
Qurbanlı "Qarabağ"ın səfərdə "Turan Tovuz"a 4:1 hesabı ilə qalib gəldikləri oyunun gözlənildiyi kimi, ağır keçdiyini bildirib. Forvard əzmkar oyunla qələbə qazanmağı bacardıqlarını vurğulayıb: "Rəqibin bizə qarşı yüksək motivasiyalı oynadığını, uzun toplar və standart vəziyyətlərdən təhlükəli olduğunu anlayırdıq. Bunlar bizə bir qədər çətinlik yaradırdı. Çünki bu mövsüm "Turan Tovuz"a qalib gələ bilməmişdik. Onların oyun üslubu bizim üçün bir qədər çətindir. Daha diqqətli və məsuliyyətli çıxış etdik. Etməli olduğumuz işi tam yerinə yetirdik. Ona görə də bütün bunların öhdəsindən gələrək, qələbə qazandıq. Düzdür, hesab sona yaxın böyüdü, amma matç doğrudan da çətin keçdi".
Qeyd edək ki, "Turan Tovuz"la oyunda uzun müddət ehtiyatda qalan Musa Qurbanlı meydana 90-cı dəqiqədə daxil olub.