
TOVUZ. 28 mart. TELEQRAF
“Elvin Cəfərquliyevin problemini nə siz, nə mən, nə də özü bilir (gülür - red.). Fransalı komediya aktyorları Pyer Rişar və Jerar Depardyenin baş rolda oynadıqları "Bəxti gətirməyənlər" filmi var. Sanki ordakı kimi tələyə düşüb. Baxsaq, heç nədən, istəməyərək alınan vərəqələrdir. Amma əlbəttə, çox böyük səhvlər edir. Amma bunlar bir oyunçunun başına gəlirsə, deməli, problemi var”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə “Turan Tovuz”u 4:1 hesabla məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Qurbanov Cəfərquliyevin yığmanın Haitiyə qarşı yoldaşlıq görüşündə qırmızı vərəqə almasına isə belə reaksiya verib: “Gözləyirik ki, təcrübə ilə düzələr. Bir-iki oyun yoluna düşür, sonra yenidən bəxtsizlik olur. Daha diqqətli olmalıdır. Çünki komandanın aparıcı oyunçusudursa, milli və Avropa səviyyəli bu cür vacib oyunlarda məsuliyyətli olmalıdır. Belə hallar oyunun həlledici məqamlarıdır. Düzdür, yoldaşlıq görüşü idi, amma gələcəkdə həlledici məqamlarda, lazımı yerdə məğlubiyyətin səbəbkarı birbaşa özü ola bilər”.
53 yaşlı mütəxəssis milli komandanın oyunundan sonra Toral Bayramovun jurnalistə cavabı və Nəriman Axundzadənin azarkeşlə mübahisəli danışıq tərzinə də münasibət bildirib: “İstəmərəm ki, belə hallar olsun. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada yaxşı mənada intizamlı olsunlar. Yəni, hamıdan seçilməlidirlər. Bəzən ümumi narazılıqlar bəzi dialoqlardan qaynaqlanır. Orada nə Toral, nə də Nərimanın hansısa əks fikir düşüncələri var idi. Mənə də bəzən belə suallar veriləndə, olur ki, həmin anda düzgün qərar verə bilmirəm. Bir az gərginlik olur. Təkcə məğlubiyyət deyil, bəzən qalibiyyətdən sonra da belə hallar baş verə bilir. Siz jurnalistlər bəzən elə suallar verirsiniz ki, mən də bəzən onu yaxşı formada sizə çatdırmağa çalışsam belə, bir söz hər şeyi alt-üst edir".
Qurbanovun fikrincə, Bayramov və Axundzadənin meydanda və meydandan kənarda kiməsə qarşı hansısa intizamsızlığı olmayıb: "Bəzən elə diskussiyalar gedir ki, istər-istəməz qarşındakının da sözü sərt şəkildə deməsi sənin də səs tonunun qalxmasına gətirib çıxarır. Onlar başı aşağı, kiməsə qarşı pis düşüncəsi olmayan futbolçulardır. Çatışmazlığı zəif oynadıqda ola bilər. Onda da lazımınca tənqid olunurlar. Belə hallara hamımız normal yanaşmalıyıq. Çox da əks düşünməyək. Dəfələrlə Toraldan da, Nərimandan da müsahibələr alınıb. Bilirsiniz ki, elə uşaqlar deyillər”.
“Qarabağ”ın baş məşqçisi həmçinin Axundzadənin adının "Molde" ilə hallanması barədə də danışıb: “Kluba real təklif olub. Yalnız klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi martın 27-də bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi. Qarşıda bu cür oyunlar var. Özünün qərar verməsi də asan olmadı. Nərimanı istəyirlərsə, mayda yenidən danışıqları davam etdirə bilərlər. Sevindirici haldır ki, ona real təklif oldu. Əvəllər hansısa furbolçu barədə sual veriləndə deyirdim, real təklif yoxdur. Amma bu, real idi”.