BAKI, 29 mart. TELEQRAF

Sabah Ramazan bayramıdır. Müsəlmanların müqəddəs ayının - oruc tutmağın mühüm əməllərindən biri fitrə zəkatın verilməsi sayılır. Fitrə zəkatı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonra çıxarılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə Azərbaycanda adambaşına 10-15 manat fitrə zəkatı verilməlidir.

Teleqraf Azərbaycanın məşhur sənətçilərinə "Fitrə verirsinizmi" sualı ilə müraciət edib.

Sorğunun nəticəsini təqdim edirik:

Xalq artisti Gülyanaq Məmmədova:

"Fitrə zəkatı Ramazan bayramında verilir, zəkat isə Allahın müsəlmanlara buyurduğu dini vergidir. Yəni ki, zəkat bayramda deyil, başqa bir vaxtda maddi imkanı olmayan insanlara da verilir. Ramazan - çox gözəl bir aydır. Onun fəziləti böyükdür. Mən Ramazan ayında oruc tuta bilmədim. Amma iftar süfrəsi açdım. Ramazan bayramında ehtiyacı olan insanlara dəstək olmağa çalışıram. Təbii ki, yalnız Ramazan ayında deyil, digər aylarda da dəstəyə ehtiyacı olan insanlara yardım etmək lazımdır. Mən əlil arabasında olan insanlara və ətrafımda olan aztəminatlı ailələrə kömək edirəm. Əslində, yardım əsl köməyə ehtiyacı olanlara edilməlidir".

Xalq artisti Nəzakət Teymurova:

"Ramazan ayı mənim və ailəm üçün çox önəmlidir. 11 ayın sultanı olan Ramazan ayında mən də, qızım da oruc tutduq. Ramazan bayramını hər zaman səbrsizliklə gözləyirik. Bu bayramda ehtiyacı olan insanlara kömək etmək lazımdır. Mən fitrə zəkatımı tanış olub-olmamasından asılı olmayaraq, dostumun tanıdığı, hansısa kənddə yaşayan aztəminatlı ailəyə göndərirəm... Bütün xalqımızı Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah hamımıza 11 ayın sultanı olan növbəti bayramları keçirməyi nəsib etsin. Təbii ki, zəkat da verirəm. Hər insan Allahın verdiyi ruzini paylaşmağı bacarmalıdır".

Xalq artisti Məleykə Əsədova:

"Ramazan ayı ən gözəl aydır. Düzdür, oruc tuta bilmədim, amma qızım və bacılarım oruc tutdular. Xalqımızı Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Əslində, insan etdiyi yaxşılığı deməməlidir. Zəkat Allahın verdiyi ruzidən aztəminatlı ailələrə kömək etmək, fitrə zəkatı isə Ramazan bayramını birlikdə qeyd etmək üçün verilən sədəqədir".

Xalq artisti Afaq Bəşirqızı:

"Bütün xalqımızın Ramazan bayramını təbrik edirəm. Ramazan bayramında fitrə zəkatı veririk. Təbii ki, fitrə zəkatı ehtiyacı olan ailəyə verilməlidir və biz də elə edirik".

Xalq artisti Mənsum İbrahimov:

"Ramazan ayında səhhətimlə bağlı oruc tuta bilmədim. Həm də xarici ölkələrdə səfərlərdə oldum. Fürsətdən istifadə edib, bütün xalqımızı Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah tutulan orucları və duaları qəbul etsin. Fitrə zəkatını hər il tanıdığımız imkansız ailələrə veririk. Bu ay yardımlaşma ayıdır. Ona görə də hər insan öz ətrafında olan insanlara dəstək olmalıdır. Zəkata gəlincə, insan hər zaman ətrafında olan aztəminatlı ailələrə əl tutmalıdır. Əlbəttə ki, biz də zəkat veririk".

Əməkdar artist Coşqun Rəhimov:

"Fitrə zəkatı ünvanlı olmalıdır, kimə dəstək olduğunu bilməlisən. Pərakəndə fitrə zəkatı verməyi düzgün hesab etmirəm. Ona görə də tanıdığımız insanlara fitrə zəkatı veririk və bu il də elə edəcəyik. Əslində, Həzrət Əli buyurur ki, bir əlin verdiyini, o biri əl bilməməlidir. Ona görə də hər birimiz bacardıqca imkansız ailələrə dəstək olmalıyıq. Zəkatımızı da hər zaman veririk, maddi və mənəvi. Hərdən bir söz maddiyyatdan daha qiymətli olur. İmkanımız çatdığı qədər Allahın verdiyi ruzini bölüşürük".

Xalq artisti Nurəddin Mehdixanlı:

"Fitrə zəkatı insanların fərdi yanaşma tərzi ilə bağlıdır. Əslində, etdiyimiz yaxşılığı dilə gətirməməliyik. Ölçü qoymaq lazım deyil, kimin nəyə ehtiyacı varsa, yardım edilməlidir. Bu yardım edənlə, yardım olunanın arasında olmalıdır. Bu ay paylaşmaq, bölüşmək, imtahan ayıdır. Sultan Fateh Mehmetin gözəl bir sözü var: "Tanrının bəndədən soruşacağı suaları bəndə bəndəyə verməməlidir. Bəndə bəndəyə nəyəsə ehtiyacın varmı, ac yoxsa, toxsanmı",- deyə soruşmalıdır. Zəkatımız da yerindədir, hər kəs maddi tərəfdən zəif olanlara dəstək olmalıdır".

Xalq artisti Firəngiz Mütəllimova:

"Zəkatı hər zaman verirəm. Küçədə gördüyüm dəstək istəyən insanlara kömək edirəm. Geyiminə diqqət edirəm, əgər ehtiyacı varsa, dəstək oluram. Fitrə zəkatına gəlincə, onu hər zaman verirəm. Tanıdığım adamlar var ki, tənhadırlar, köməyə ehtiyac duyurlar. Hər zaman fitrə zəkatı onlara verirəm".