
BAKI, 29 mart. TELEQRAF
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçi postundan istefa verən Dorival Juniorun əvəzinə əcnəbi mütəxəssis təyin etmək istəyir.
Teleqraf UOL nəşrinə istinadən xəbər verir ki, bu vəzifəyə Karlo Ançelotti ("Real Madrid", İspaniya), Xosep Qvardiola ("Mançester Siti", İngiltərə) və Jorje Jezuşun ("Əl-Hilal", Səudiyyə Ərəbistanı) namizədlikləri nəzərdən keçirilir.
CBF prezidenti Ednaldo Rodriges Ançelottiyə üstünlük verir. Qvardiolanın isə milli komandaya rəhbərlik etməyə açıq olduğu və Braziliyaya xüsusi sevgi bəslədiyi bildirilir.
Qeyd edək ki, Dorival Junior 2024-cü ilin yanvarından Braziliya millisinin baş məşqçisi idi. 2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 14 turdan sonra "pentakampeonlar" 4-cü yeri tutur. Junior Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.