BƏRDƏ, 29 mart. TELEQRAF

Laçın rayonunun Qorçu kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Xəyyam Yaşar oğlu traktorun kotanı altında qalaraq ölüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə martın 28-də axşam saatlarında Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə yerləşən fermada baş verib.

Məcburi köçkün kimi qəsəbədə məskunlaşan X.Məmmədov fermada həm çobanlıq edirmiş, həm də traktor işlədirmiş. O, texnikaya baxış keçirmək üçün həyətdə saxlayıb və kotanın altında yağlama işləri aparmağa başlayıb. Bu zaman traktor hərəkətə düşüb və X.Məmmədov kotanın altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib.

O, 3 azyaşlı övlad atası idi. X.Məmmədovun iki əlil qardaşı var. Valideynləri isə yaşlıdır. O, ailənin yeganə qazanc gətirən üzvü idi.

Mərhum bu gün Bərdə şəhərində yerləşən qəbiristanlıqda dəfn olunacaq.