BAKI, 29 mart. TELEQRAF

Sabahdan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artırılacaq, marşrut şəbəkəsi genişlənəcək və sərnişinlər üçün daha rahat bağlantılar yaradılacaq. Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər.

Avropaya uçuş istiqamətləri Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa və Budapeştdir. Yaxın Şərq istiqamətində Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə və Maskata uçuşlar təşkil olunacaq. Türkiyəyə səyahət edən sərnişinlər İstanbul, Ankara, Antalya, İzmir, Bodrum və Dalaman şəhərlərinə uça biləcəklər. Mərkəzi Asiya istiqamətində Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə və Səmərqənd şəhərlərinə reyslər mövcud olacaq. Cənubi Asiya istiqamətində isə Dehli, Mumbay, Lahor və İslamabada uçuşlar həyata keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərinə səfər edən sərnişinlər Dubay, Əbu-Dabi və Şarja istiqamətində uçuşlardan yararlana biləcəklər. Digər istiqamətlər üzrə isə Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat və Şarm əl-Şeyxə uçuşlar yerinə yetiriləcək.

Bundan əlavə, Azərbaycanın regional hava limanlarından da bir sıra beynəlxalq istiqamətlərə uçuşlar təşkil olunacaq. Naxçıvan hava limanından Bakı, Gəncə, İstanbul və Moskva istiqamətlərinə reyslər həyata keçiriləcək. Gəncə hava limanından İstanbul, Moskva və Sankt-Peterburqa , Qəbələ hava limanından Əbu-Dabiyə uçuş təşkil olunacaq. Füzuli hava limanından isə Bakı istiqamətində uçuşlar planlaşdırılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları optimallaşdırılıb. Bu yeniliklər üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.

Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağı nəzərə alınaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan keçmək mümkündür. Bundan əlavə, sərnişinlər hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə edə bilərlər.

Əlavə olaraq, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.