BAKI, 29 mart. TELEQRAF

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri quruculuq-bərpa işləri ilə yerində tanış olmaqla yanaşı, yeni təməllərin qoyulması, infrastruktur və sosial obyektlərin açılışı ilə yadda qalır. Ölkə başçısının Novruz Bayramı ərəfəsində Ağdərə rayonuna səfəri də yadda qalan oldu. Ağdərə rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər. Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb, Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin və məscidin açılışını ediblər. Martın 27- də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirakı da tarixi hadisə idi".

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, II Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdi: “44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanılıb. Ərazilərin 30 ilə yaxın Ermənistanın işğalında qalması, talançılığa, barbarlığa məruz qalması, bütün yaşayış məntəqlərinin, infrastrukturun məhv edilməsi, ekoloji tarazlığın pozulması ilə nəticələnib. Mənfur ermənilərin basdırmış olduğu minaların ərazilərdən təmizlənməsi ilə yanaşı, həyata keçirilən bərpa-quruculuq prosesinə böyük çətinliklər yaradır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz imkanlarına əsaslanaraq ərazilərin minalardan təmizlənməsi ilə paralel yeni yaşayış məntəqləri, yollar, körpülər, infrastruktur, qaz, işıq, su təchizatı kimi vacıb təminatları həyata keçirib. Böyük Qayıdış konsepsiyasına əsaslanaraq həyata keçirilən dövlət proqramı 30 ilə yaxın Ermənistanın işğalında qalmış, nəticədə boz zonaya çevrilmiş Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi dəyişir, onun tarixi görkəmi özünə qaytarılır. İşğal altında olmuş bölgələrimizdə olduğu kimi Ağdam da Ermənistanın işğalı nəticəsində dağıdılıb, talan olunub, daşın-daş üstündə qalmasına belə imkan verilməyib. Heç təsadüfi deyil ki, işğal dövründə yayılan görüntülərdə də Ağdamın necə talan edildiyi və viran qoyulduğu açıq- aşkar görünürdü. İşğaldan azad edildikdən sonra isə bu ağır mənzərə özünü daha qabarıq göstərmiş oldu. Ağdamın keçmişi ilə işğal dövründəki durumunu isə bu mənada müqayisə etmək çox ağrılı idi. Bir vaxtlar böyük bir mərkəzi xatırladan, daima qaynar həyatı olan, bütövlükdə Qafqazın, Qarabağın mərkəzi rolunda çıxış edən Ağdan Ermənistan tərəfindən elə bir hala salınıb ki, buranı “Qafqazın Xirosiması” adlandırırdılar”.

Deputat bildirib ki, Ermənistanın işğalından azad edilən digər bölgələrimiz kimi Ağdamda da böyük quruculuq işləri həyata keçirilir: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulmasının birinci mərhələsində öz evlərinə qayıdan sakinlərlə görüşüb. Ölkə başçısı qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, bu ikiqat bayramdır. Bayram ərəfəsində Sarcıla kəndinin keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşünə toxunan dövlət başçısı Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşməyin böyük xoşbəxtlik olduğunu vurğulayıb. Qeyd olunub ki, artıq 13-cü yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı təmin edilib. Sözsüz ki, bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonun Kəngərli, Xıdırlı kəndlərinə də bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur. Yaxın gələcəkdə bu tarixi şəhər ölkəmizin ən gözəl məkanlarından birinə çevriləcək”.

Eldar Quliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 27-də Şuşada görülən işlərlə də tanış olduqlarını bildirib: “Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışı edilib, həmçinin Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi. Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Müalicə-Sağlamlıq Mərkəzi isə 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Sözsüz ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Yeni Şuşa Məscidinin də əsası 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək. Məhz bütün bunların fonunda həyata keçirilən proqram xarakterli layihələrin ardıcıllığı tam əminlik yaradır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur qısa zamanda özünün tarixi görkəmini bərpa etməklə yanaşı, inkişaf etmiş bölgələrimizdən birinə çevriləcək”.