TOVUZ, 28 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun açılış oyununda "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar 4:1 hesablı darmadağına sevinib.

Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin cari mövsümdə "Turan Tovuz"a qarşı ilk qələbəsi olub. Beləliklə, "Qarabağ"ın çempionatda məğlub edə bilmədiyi komanda qalmayıb.

Meydan sahiblərinin yeganə qolunu 30-cu dəqiqədə Aleks Souza vurub. Qonaqlardan isə Kadi Borges 16-cı dəqiqədə penaltidən və 85-ci dəqiqədə fərqlənib. 32-ci dəqiqədə Nəriman Axundzadə fərqlənərək, çempionatdakı qol sayını 8-ə çatdırıb. Oyunda son nöqtəni isə meydana girər-girməz Aleksey Kaşuk 90+1-cı dəqiqədə qoyub.

Bu nəticədən sonra "Qarabağ" 67 xalla liderliyini daha da möhkəmlədib. "Turan Tovuz" isə 43 xalla 4-cüdür.

Qeyd edək ki, XXVIII turun digər oyunlarında "Neftçi" "Araz-Naxçıvan"ı, "Sumqayıt" "Sabah"ı, "Kəpəz" "Səbail"i, "Zirə" isə "Şamaxı"nı qonaq edəcək.