BAKI, 29 mart. TELEQRAF

Tanınmış tennisçi Dariya Kasatkina Avstraliyanı təmsil edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, rusiyalı idmançının daimi yaşamaq üçün müraciəti Avstraliya hökuməti tərəfindən təsdiqlənib.
Dariya bildirib: “Daimi yaşamaq üçün müraciətimin Avstraliya hökuməti tərəfindən təsdiqləndiyini bildirməkdən məmnunam. Avstraliya sevdiyim və özümü həqiqətən evdə hiss etdiyim yerdir. Melburnu gəzməyi çox sevirəm və burada öz evimi mümkün qədər tez almaq istəyirəm. Bundan sonra peşəkar tennis karyeramda yeni vətənim Avstraliyanı təmsil edəcəyimi qürurla elan edirəm”.

“Əlbəttə, bu, asan qərar deyildi. Ailəmə, məşqçilərimə və indiyə qədərki yolum boyunca mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Mən həmişə öz köklərimlə fəxr edəcəm, lakin Avstraliya bayrağı altında yarışmağı səbirsizliklə gözləyirəm”, - deyə tennisçi əlavə edib.

27 yaşlı tennisçinin “Böyük Dəbilqə” turnirlərində ən yaxşı nəticəsi Fransa Açıq çempionatının (2022) yarımfinalına yüksəlməsidir.