TOVUZ. 28 mart. TELEQRAF

“Futbolçularımı təbrik edirəm. Bəlkə də bizim üçün ən ağır oyunlardan biri idi. Baxmayaraq ki, “Turan Tovuz” bizə uyğun rəqib deyil idi, amma oyuna tam hazırlaşa bilməmişdik“.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: “Son iki günə kimi 8-9 futbolçu ilə hazırlaşırdıq. 12 üzvümüz milli komandalarda idi. Kevin Medina zədəsinə və naxoş olmasına görə cəmi iki məşq etmişdi. İlk hissədə daim uzun top oynadıqlarına görə, meydanda öz yerimizi lazımi dəqiqələrdə doldura bilmirdik. Həm öz, həm də Tovuz azarkeşləri qarşısında oynamayaq çox xoş idi. Bizim üçün uyğun olmayan rəqibə qarşı çox vacib qalibiyyət idi. Son dövrə üçün yaxşı başlanğıc oldu”.

Qurbanov komandasının istədiyi keyfiyyətə malik olmadığını vurğulayıb: “Ona çatmağa çox illər var. Keyfiyyəti yaxşılaşdırmaq üçün daim yaxşı şəraitdə olmalı, futbolçuların sağlam olması lazımdır. Sıx qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ biləcəyik. Ümumən futbolçularımdan razı qaldım, texniki səhvləri olsa da, yaxşı mübarizə apardılar”.

Baş məşqçi “Turan Tovuz”un binasının açılışında iştirak etməməsini belə şərh edib: “Oyuna hazırlaşırdıq. Açılışda iştirak etməyim, komandanı qoyub getməyim uyğun olmazdı. Çox da önəmli deyildi, ona görə də bu addımı atdıq. Əvvəlcədən bunu bildirmişdim”.

O, tez-tez qapıçı rotasiyası etməsini isə bu cür əsaslandırıb: “Gərək, hər qapıçıya şərait yaradaq. Ən uyğunu, bu mövqeni çox da dəyişməməkdir, birinin daimi oynamasıdır. Amma onlara şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki qarşıdaki oyunlarda gözləmədiyimiz şeylər baş verə bilər. Qapıçı elə mövqedir ki, hər oyunçuya şans vermək olmur. Limitə görə Şahrudin Məhəmmədəliyevi oynadırdıq. Qarşıda matçlar var. Fabian Buntiçi də oynadacağıq. Sadəcə, son vaxtlar Şahruddinlə Mateuş Koxalski meydana çıxır".

Baş məşqçi referi Cavid Cəlilovun idarəçiliyindən bəzi epizodlarda narazılığının olduğunu gizlətməyib: "Gərginlik vardı. Hamımız istəyirdik ki, qalib gələk. Məğlub da olsaydıq, peşəkar kimi qəbul edəcəkdik. Bunlar tez-tez rast gəlinən hallardır. Bəzi epizodlarda narazılığım oldu. Epizodun biri mənim qarşımda baş verdi. Kornerlərdə, cərimə zərbələrində oyunçulara blok qoyulur. Ümumən baş hakim tempin düşməməsinə şərait yaratdı".

Qurbanov hələlik müqaviləsi bitən futbolçularla danışıqlara başlamadıqlarını da əlavə edib: "Hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Bəlkə indikilərin hamısı qaldı, əlavə futbolçular gətirilməlidir. Birdən-birə 5-6 futbolçunu komandaya gətirə biləcəyimi desəm, bu, asan olmaz. Çox diqqətli olmalı, bunu zamana buraxmalıyıq. İşimizi davam etdiririk. Oyunçu axtarışındayıq. Mayın sonlarına yaxın dəqiq qərarlar verəcəyik".