
Tovuz. 28 mart. TELEQRAF
Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev, “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev və idarə heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Quliyev və Fərəcullayev binanın açılışını bildirən rəmzi lenti kəsiblər. Daha sonra bina ilə tanışlıq başlayıb.
Qeyd edək ki, “Turan Tovuz” PFK-nın baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb. Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir.
Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tenis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.
Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib. Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.