
BAKI, 13 mart. TELEQRAF
Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, AFFA-nın inzibati binasında Fernandu Santuş heyəti açıqladıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- İlk dəfə milliyə I Liqadan oyunçu dəvət etdiniz. Şahin Şahniyarovu hansı üstün keyfiyyətlərinə görə siyahıya əlavə etmisiniz?
- Onda bir çox keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orada bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin də çox keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərəcək.
- Haiti ilə oynamaq kimin təşəbbüsü idi?
Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə edilir və seçilir. Yaddan çıxarmayaq ki, Haiti okeanın o biri tərəfində - Amerika qitəsində yerləşir. Çox yaxşı, keyfiyyətli oyunçuları var, onlar güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqiblərdən deyil.
- Rusiya ilə oyunun keçiriləcəyi bildirilirdi...
- Bu sualın mənə aidiyyatı yoxdur. Bunu AFFA-ya ünvanlayın. Təkliflər gəlir, bəziləri ilə razılığa gəlinir, bəziləri ilə yox. Normal bir haldır.
- Emin Mahmudov zədəli olmasaydı, milliyə dəvət edəcəkdiniz?
- Yalnız Emini deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Onları da dəvət etmək istəyirdim, amma həkim raportuna görə zədəli olduqları üçün çağırılmadılar. Bəziləri fiziki cəhətdən yaxşı vəziyyətdə olmamaları, bəziləri isə texniki qərar olduğuna görə çağırılmayıb.
- Yoldaşlıq görüşləri üçün alternativ variantlarınız var idi?
- Özüm AFFA rəhbərliyinə 2 yoldaşlıq görüşü təklif etdim və Bakıda keçirilməsini istədim. Buna uyğun da AFFA danışıqlar apardı və rəqibləri seçdi. Həm də bu oyunlar FIFA təqviminə düşür. Qeyd edilən tarixlərdə bir çox komandanın rəsmi oyunları var. Çox az komandanın rəsmi oyunu yoxdur. Ona görə də belə seçimlər oldu.
- Haiti və Belarusdan başqa, hansısa yığmalar təklif edilmişdi?
- Bayaq da buna bənzər sual oldu. Mən təklif etdim ki, 2 yoldaşlıq oyunu keçirək. Bu oyunlar Bakıda olsun. O proqrama uyğun da AFFA idarəsi apardı və uyğun komandalar seçildi. Hazırkı milli komandalar toplanması UEFA tarixlərinə düşür. Bir çox yığmalar rəsmi oyunlara çıxacaq. Çox az komandalar var ki, rəsmi oyunlara çıxmayacaq. Ona uyğun olaraq da seçimlər oldu.
- Ramazan ayı davam edir. Futbolçulara toplanış müddətində və oyun günlərində oruc tutmağa icazə veriləcək?
- Əlbəttə, icazə veriləcək. Bu da normaldır və hörmətlə yanaşıram. Özümün də prinsiplərimdən biri belədir ki, belə məsələlərə diqqət etmək lazımdır. Ramazanla bağlı məsələyə də hörmətlə yanaşmalıyıq. Yaranmış duruma uyğun məşq saatları seçməyə və gündəliyimizi bununla uzlaşdırmağa çalışacağıq. Fürsətdən istifadə edərək, qarşıdan gələn bayramlar münasibətilə hamını təbrik edirəm.
- Legioner limitinin ləğvi ilə bağlı fikirləriniz necədir və bu, gələcək fəaliyyətinizə necə təsir edə bilər?
- Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır. Yalnız legioner limiti ləğv olunmayıb, komanda sayı da artırılıb. Artıq Premyer Liqada 10 yox, 12 komanda mübarizə aparacaq. Qarşıdakı aylarda görəcəyik ki, bu qərarların köməyi ilə bizim üçün necə olacaq.
- Birinci Liqa oyunlarına gedirsiz. Amma yalnız bir oyunçunu dəvət etmisiniz. Bəs digərlərindən razı qalmadınız?
- U-17 Liqasını və əvəzedicilərinin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox oyunçu çağıra bilmərik. Təcrübəli uşaqlar da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı yığmanın qapıları hər bir azərbaycanlıya açıqdır. Onlara növbəti cəhdlərdə dəvət alacaqlar. Sadəcə, onlar bunu öz oyunları ilə göstərməlidirlər.
- Azərbaycan millisində əsas hədəfiniz nədir?
- Portuqaliya yığmasında işləyəndə Avropa çempionu olmuşam. Halbuki bu komanda uzun illər heç bir nəticə göstərməmişdi. Karluş Keyruş millinin baş məşqçisi olduqda aşağı yaş qruplarının futbolçularını əsas yığmaya gətirdi və gələcəyin millisini qurdu. Burada da gələcəyin komandasını qurmaq istəyirəm.