
BAKI, 13 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiya Ukraynada atəşkəslə razılaşmayacağı təqdirdə ata biləcəyi bir neçə addımı var.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Qeyd olunur ki, indiyədək Rusiya Prezidenti Vladimir Putin atəşkəslə razılaşmağa hazır olduğuna dair heç bir əlamət göstərməyib. Rusiya lideri mahiyyətcə dilemma ilə üzləşir, çünki Dövlət katibi Marko Rubio söyləyib ki, Rusiya razılaşmasa, ABŞ sülhə mane olanın kim olduğunu biləcək.
Nəşr əlavə edir ki, Rusiya atəşkəsi qəbul etməkdən imtina edərsə, Tramp administrasiyası intiqamçı mövqeyini göstərə və Ukraynaya dönə bilər.
Həmçinin “The Telegraph” Rusiya sülhə hazır olduğunu dərhal sübut edərsə, Trampın onun üçün nə edə biləcəyini sadalayıb:
- Moskvanı “diplomatik dondurma”dan çıxarmağa və bir sıra birgə iqtisadi layihələrdə iştiraka hazır olduğunu nümayiş etdirmək;
- 30 000 Amerika əsgərinin bir hissəsini Avropadan çıxarmaq, Moskvaya maraq dairəsində olan bölgələrdə manevr etmək üçün daha çox yer vermək;
- Rusiyanı G7 və digər diplomatik forumlara qəbul etmək;
- Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaları ləğv etməyə hazır olduğunu göstərmək;
- Ukraynaya hərbi yardım və kəşfiyyat tədarükünü yenidən dayandırmaq.
Nəşr iddia edir ki, atəşkəsdən imtina ediləcəyi təqdirdə Putin nəinki bu şanslarını itirəcək, həm də ABŞ-nin Ukraynaya hərbi dəstəyinin ciddi şəkildə artırılmasına zəmin yaradacaq.