
BAKI, 12 mart. TELEQRAF
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimindən sonra jurnalistlərə deyib.
O, mundialın ölkə üçün əhəmiyyətli olduğunu bildirib: "Dünya Kuboku Azərbaycan idmanı üçün çox böyük əhəmiyyət kəsb edən tədbir olacaq. İnanırıq ki, millimiz layiqli çıxış edərək ən üst pillələrdə yer alacaq. Qrupumuzda çox güclü komandalar var. Hesab edirəm ki, orta səviyyəli qrupa düşmüşük. Ev sahibi komanda kimi azarkeşlərimiz qarşısında ən yüksək nəticəni əldə edəcəyimizə inanıram. Bütün komandalara uğurlar arzu edirəm. Onlara öz qonaqpərvərliyimizi göstərəcəyik.
Orxan Məmmədov daha sonra minifutbol üzrə Azərbaycan çempionatının durumu haqda danışıb: "Bizim bir çox yerdə məşq etmək və turnir keçirmək üçün şəraitimiz var. Son mövsümdə çempionatda rəqabət güclü idi. Son illərdə "Birbaşa Bakı" və "Zirə" komandaları güclü çıxış edirlər. Federasiya olaraq daha çox komandaya dəstək olmaq istəyirik ki, rəqabət artsın".
Qeyd edək ki, Azərbaycan milli komandası Dünya Kubokunun A qrupunda mübarizə aparacaq.