BAKI, 13 mart. TELEQRAF

“Özümü doğrultmağım üçün çox yaxşı şans qazanmışam. Bu dəvətdən maksimum yararlanmağa çalışacağam”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin Haiti və Belarusa qarşı yoldaşlıq görüşlərinə dəvət alan "Neftçi"nin futbolçusu Ağadadaş Salyanski deyib.

21 yaşlı hücumçu bildirib ki, yığmaya ilk dəfə çağrıldığı üçün xoşbəxtdir: “Əsas yığmaya dəvət almaq doğrudan da çox fərqli hisslərdir. Hər bir azərbaycanlı üçün öz bayrağımızı təmsil etmək fəxrdir. Baş məşqçi Fernandu Santus mənə güvənib milliyə dəvət edib. Qarşıdakı oyunlara yaxşı hazırlaşaraq, qələbə qazanıb bütün azarkeşlərimizi, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan milli komandası Haiti ilə martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Belarusa qarşı isə martın 25-də "Bank Respublika Arena"da üz-üzə gələcək.