BAKI, 13 mart. TELEQRAF

ABŞ geri çəkilərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin NATO gücündən istifadə etmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

ABŞ nəşri bildirir ki, Türkiyə Avropa ilə daha sıx əməkdaşlıq müqabilində təhlükəsizlik tələb edir, Avropa isə Tramp Amerikasından asılılığını azaltmağın yollarını axtarır.

“Bloomberg” Ərdoğanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bir İslam ölkəsi (Türkiyə) və Ankaranın Avropa İttifaqına (Aİ) üzvlüyünü istədiyini qeyd edir.

Məqalədə vurğulanır ki, bu həmlələr ABŞ-nin Avropa ilə əlaqələrini yenidən formalaşdırdığı bir vaxtda Türkiyənin daha güclü vasitəçi və NATO-nun əsas üzvü kimi çıxış etməsinin əlaməti olmaqla yanaşı, Ərdoğanın özünə inamını da əks etdirir:

“Türkiyə lideri hərbi-diplomatik təsirini Afrikadan Yaxın Şərqə qədər Osmanlı İmperiyasının dağılmasından bəri görünməmiş bir şəkildə genişləndirib”.

Təhlildə Avropanın Vaşinqtondan asılılığını azaltmaq üçün yollar axtardığı bildirilir və Ərdoğanın AB ilə daha sıx hərbi-iqtisadi əməkdaşlıq istədiyi vurğulanır. Həmçinin bu əməkdaşlıq çərçivəsində Ankaradan türk hərbi kontingentinin gələcəkdə Ukraynada sülhməramlı missiyada iştirak edə biləcəyi də təklif olunur.

Analizin davamında aşağıdakı ifadələr verilir:

“Türkiyə NATO üzvlüyü və Ərdoğan dövründə müsəlman kimliyi ilə Şərqlə Qərb arasında körpü rolunu möhkəmləndirərək, Avropa və Yaxın Şərqin kəsişməsində hər iki tərəfi cəlb edə biləcək bir mövqe əldə edib. Türkiyə dəniz ticarəti və enerji daşımaları üçün əsas marşrutlara nəzarət edir və Ukrayna taxılının Qara dəniz vasitəsilə beynəlxalq bazarlara daşınması üzrə sazişin imzalanmasında əsas rol oynayıb. Türkiyə həmçinin Avropaya qaçqın axınının dayandırılmasında mühüm bufer rolunu üzərinə götürüb.

Halbuki Türkiyənin hazırda ən güclü kozırı onun müdafiə qabiliyyətidir. Donald Tramp Ukraynaya yardımı kəsib, Avropaya ABŞ-yə güvənməməli olduğunu dedikdən sonra Avropa ölkələri sürətlə silahlanır.

Türkiyə NATO-da ABŞ-dən sonra ən böyük F-16 donanmasına sahibdir. Eləcə də İncirlik hava bazasına ev sahibliyi edir, bura İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunub və NATO-nun ballistik raket əleyhinə müdafiə sistemlərinin mühüm hissəsi olan Kürəcikdə erkən xəbərdarlıq radarı yerləşdirilib.

Türkiyə də ciddi bir müdafiə sənayesi inkişaf etdirib. Döyüş gəmiləri, PUA və zirehli texnikanın ixracında güclənən bir aktora çevrilib. Həmçinin ballistik raketlər, əsas döyüş tankları və döyüş təyyarələri hazırlayır.

Ərdoğan 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Türkiyəni köhnə müttəfiqlərini qıcıqlandırsa belə, müstəqil hərəkət edə və yeni dostlar qazana bilən bir güc kimi yenidən formalaşdırdı.

Son 20 ildə Çin, Rusiya və İranla daha da yaxınlaşan Türkiyə dünya üzrə 100-ə yaxın yeni diplomatik nümayəndəlik açıb. Həmçinin Qəzza, Somali və Ukraynadakı münaqişələrdə vasitəçi rolunu oynayıb”.