
BAKI, 13 mart. TELEQRAF
Neft hasilatının azaldılması sazişində iştirak edən “OPEC+” ölkələri 2025-ci ilin fevralında hasilatı aylıq müqayisədə təxminən sutkada 300 min barel artırıb. Könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla planı sutkada 890 min barel üstələyib.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) mart hesabatında bildirilib.
IEA-nın məlumatına görə, İraq, Qazaxıstan və Rusiya tərəfindən həyata keçirilən könüllü məhdudiyyətlər, eləcə də kompensasiyalar nəzərə alınmaqla, “OPEC+” ölkələrinin saziş çərçivəsində hasilat üzrə hədəf səviyyəsi sutkada 33,86 milyon barel təşkil edib. Real hasilat isə sutkada 34,75 milyon barel olub. Beləliklə, plan üzrə artıq hasilat təxminən sutkada 890 min barel səviyyəsində olub.
Ən çox neft İraq (kvotadan sutkada 0,3 milyon barel çox), BƏƏ (sutkada 0,37 milyon barel), Qazaxıstan (sutkada 0,31 milyon barel) və Rusiya (sutkada 0,15 milyon barel) tərəfindən istehsal edilib.
Fevralda Nigeriya (sutkada 60 min barel az), Azərbaycan (sutkada 80 min barel az) və Konqo (sutkada 40 min barel az) kvotadan az neft hasil ediblər.
2024-cü ilin əvvəlindən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, səkkiz “OPEC+” ölkəsi bazarın balanslaşdırılması məqsədilə neft hasilatını könüllü olaraq ümumilikdə sutkada 2,2 milyon barel azaltmağa başlayıb. 2024-cü ilin oktyabrından bu ölkələr məhdudiyyətləri tədricən aradan qaldıraraq hasilatı bərpa etməyi planlaşdırsalar da bunu reallaşdıra bilmədilər. Belə ki, hasilatın artırılması dekabr ayına, daha sonra isə 2024-cü ilin sonuna qədər təxirə salındı. “OPEC+” ölkələrinin nazirlərinin dekabrın 5-i tarixində keçirilən görüşündə hasilatın artırılması 2025-ci ilin mart ayının sonunadək təxirə salındı.
Bundan əlavə, həmin “OPEC+” ölkələri 2023-cü ilin yazından 2026-cı ilin sonunadək hasilatı könüllü olaraq daha 1,65 milyon barel azaltmağa davam edəcək.
Neft hasilatının könüllü azaldılması üzrə öhdəliklərini tam yerinə yetirməyən üç ölkə (Rusiya, İraq və Qazaxıstan) artıq hasilatı 2026-cı ilin iyun ayının sonunadək kompensasiya etməlidir.