
BAKI, 13 mart. TELEQRAF
AFFA U-13 Liqasında keçirilən "Araz Bakı" - "Binə" oyununda qalmaqal baş verib.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Araz Bakı"nın köməkçi-məşqçisi Ramin Fərruxlu meydana daxil olaraq hakimə fiziki təzyiq göstərib.
Ona qırmızı vərəqə göstərilib və texniki zonadan kənarlaşdırılıb.
Bundan başqa futbolçu Camal Fərruxlu rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
AFFA İntizam Komitəsi Ramin Fərruxlunu 7, Camal Fərruxlunu isə 2 oyunluq cəzalandırıb.
Teleqraf-ın araşdırması nəticəsində məlum olub ki, Bakının Əhmədli qəsəbəsindəki "Rekord Arena"da keçirilmiş oyunun baş hakimi Leyla Gondolova olub, Ramin Fərruxlu isə Camal Fərruxlunun atasıdır.
Camal Fərruxlu oyun boyu aqressiv davranışlara yol verib. Dəfələrlə xəbərdarlığa baxmayaraq, futbolçu baş hakimin dediklərinə məhəl qoymayıb. Üstəlik, o, referiyə cavab qaytarıb. Nəticədə Gondolova ona qırmızı vərəqə göstərib. Bundan sonra ara qarışıb, meydana komandanın məşqçilər heyəti və valideynlər daxil olublar. Valideynlərdən biri - Camal Fərruxlunun atası Ramin Fərruxlu da onların arasında olub.
Qarşılaşmada 5 dəqiqəyədək fasilə yaranıb. AFFA nümayəndələri və mühafizəçilərin müdaxiləsindən sonra oyun davam etdirilib. Görüş "Binə"nin qələbəsi ilə yekunlaşıb - 5:0.
"Araz Bakı"nın rəhbəri və baş məşqçisi Mənsur Əhmədov isə hadisəni belə nəql edib: "Camal Fərruxlu aparıcı oyunçumuzdur, 3 ildir bizim komandadır, əziyyətlə bu səviyyəyə gətirib çıxarmışıq. Leyla Gondolova isə əsas hakim idi. Onun idarəçiyindən narazılıq doğururdu. Məsələn, bir epizodda biz autu düzgün yerinə yetirmədikdə oyunu saxlayıb topu rəqibə verdi. Lakin rəqib aut atdıqda eyni səhvə yol versə də, referi heç nə demədi. Buna etiraz etdim. Camala gəldikdə, o, birinci sarı vərəqəni kobud söz işlətdiyinə görə aldı. Buna etirazım yoxdur. Amma digər epizodda Camala qarşı açıq-aşkar qayda pozuntusu edildi. Futbolçumuz etiraz etdikdə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Uşaq ağlamağa başladı və atası - köməkçim Ramin Fərruxlu meydana girib baş hakimə etirazını bildirdi".
Əhmədov baş hakimə fiziki təzyiq göstərilməsi iddiası ilə razılaşmayıb: "Buna fiziki təzyiq deməzdim. Həmin vaxt hadisə yerinə mən də yaxınlaşdım və Leyla Gondolovanı kənara çəkdim ki, başqa hadisələr baş verməsin. Çünki referi xanımdır, kişiyə ona qarşı hansısa hərəkət etmək yaraşmaz. Referi ən azı baş məşqçi kimi mənə deməli idi ki, Camal çox danışır, yenə davam etsə, meydandan qovacağam. Mən də məsələni yoluna qoyardım".
Qeyd edək ki, Leyla Gondolova sabiq futbolçudur, əvvəllər qadın futbolçulardan ibarət Azərbaycan U-19 millisinə dəvət alıb. O, "Xırdalan City" klubunda çıxış etdiyi vaxt 2012-ci il fevralın 19-da Yüksək Qızlar Liqasının UGİM (Naftalan) komandasına qarşı oyunda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra səbəb olduğu hadisələrə görə 12 aylıq yarışlardan kənarlaşdırılıb. Klubu qərardan etiraz etsə də, Apellyasiya Arbitraj Tribunalı şikayəti təmin etməyib.