
BAKI, 12 mart. TELEQRAF
Bakıda keçiriləcək minifutbol üzrə Dünya Kubokunun püşkü atılıb.
Teleqraf xəbər verir ki, bu məqsədlə 4 xüsusi qonaq səhnəyə dəvət olunub.
Bunlar "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, minifutbol üzrə Azərbaycan milli komandasının oyunçusu Seymur Məmmədov və Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani səhnəyə dəvət olunub.
Komandalar 8 qrupa bölünüb. Təşkilatçı ölkə Azərbaycan millisi A qrupuna düşüb.
"Ritz Carlton" otelində keçirilən tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf, Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Çuda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Peter Klarik, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, iş adamı Adnan Əhmədzadə və digər rəsmi şəxslər iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Odlar Yurdu Azərbaycanın tanıtım çarxı nümayiş etdirilib.
Minifutbol üzrə Azərbaycan millisinin kapitanı Seymur Məmmədov Dünya Kubokunu səhnəyə gətirib.
Daha sonra Maralzadə adlanan maskot da təqdim olunub.
Turnir mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.
Qeyd edək ki, WMF tərəfindən beşinci dəfə keçiriləcək dünya çempionatının son qalibi Rumıniya seçməsidir.
A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail