
BAKI, 13 mart. TELEQRAF
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti və Belarusa qarşı yoldaşlıq görüşləri üçün I Liqada çıxış edən "Qəbələ"nin futbolçusu Şahin Şahniyarova dəvət göndərib.
Teleqraf xəbər verir ki, portuqaliyalı mütəxəssis aşağı divizion komandasının oyunçusunu yığmaya çağırmasının səbəbini keçirdiyi mətbuat konfransında açıqlayıb.
O, 20 yaşlı yarımmüdafiəçidə çoxlu müsbət keyfiyyətlər gördüyünü bildirib: "Mən və məşqçilər korpusum tez-tez aşağı liqadakı oyunlarda da iştirak edir, baxırıq. Bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. O oynçulardan biri də Şahin Şahniyarovdur. Qarşıdakı təlim-məşq toplanışına çağırmışıq ki, görək, özünü necə göstərir".
Bununla belə, Santuş aşağı liqalardan çoxlu sayda oyunçunu əsas milliyə çağırmağın əleyhinə olduğunu vurğulayıb: "Özüm U-17 və əvəzedicilər liqasını da izləmişəm. Bir çox oyunçu diqqətimi çəkib. Lakin bura milli komandadır, birdən-birə I Liqa oyunçusunu dəvət etmək olmaz. Əsas millidəki təcrübəlilər yeni gənc oyunçulara dəstək olmalı, əsas yığmanın mahiyyətini aşılamalıdırlar. Bir məsələni də vurğulamalıyam ki, yaşından asılı olmayaraq, millinin qapıları hamının üzünə açıqdır. Sadəcə, onlar bunu öz oyunları ilə göstərməlidirlər".
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də Haiti, martın 25-də isə Belarus yığmasına qarşı yoldaşlıq oyunları keçirəcək.