BAKI, 13 mart. TELEQRAF

Prezidentin müvafiq Sərəncamına əsasən, Ağdərə rayonu, Sərsəng su anbarı-Umudlu kəndi avtomobil yolunun yenidən qurulması işləri artıq yekunlaşır.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə yolun ümumi uzunluğu 9,4 kilometr təşkil edir və IV texniki dərəcəyə malikdir. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər iki tərəfdən 2 metr olmaqla, torpaq yatağının ümumi genişliyi 10 metrdir. Bu göstəricilər nəqliyyatın təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə müəyyən edilib.

Yolun bərpası zamanı 158,6 min kubmetr həcmində torpaq işləri görülüb. Hərəkət hissəsinə iki laydan ibarət, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda son tamamlanma işləri aparılır. Yol boyunca 7,2 kilometr uzunluğunda beton küvetlər inşa edilir, 1000 poqonmetr uzunluğunda əyrixətli bruslar, həmçinin müvafiq yol nişanları və digər yol elementləri quraşdırılır. Növbəti mərhələdə isə yolda üfüqi nişanlanma xətlərinin çəkilişi həyata keçiriləcək.

Qeyd edək ki, bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə yerinə yetirilir.