
LƏNKƏRAN, 12 mart. TELEQRAF
Lənkərana səfər edən turistlərin son illərdə diqqətini çəkən yeni bir ünvan var - Talışlı kəndində yerləşən, bambuk meşəsini xatırladan qeyri-adi bir həyət. Bu unikal məkanın sahibi Eynulla Cəlalovdur. O, 33 il əvvəl aldığı həyətyanı sahədə Sovet dövründən qalan bir neçə bambuk tingini çoxaldaraq, əsl yaşıllıq oazisinə çevirib.
Teleqraf-ın Cənub bölgəsi üzrə müxbiri Eynulla kişinin yaratdığı füsunkar təsərrüfatla yaxından tanış olmaq üçün əraziyə yollanıb.
Bura 17-18 sotluq ərazilik meşəni xatırladan və insanda xoş ovqat yaradan bir məkandır. Məkana üz tutan turistlər sadəcə, nadir bir təbiət mənzərəsini seyr etmir, həm də bambukdan hazırlanan əl işlərinə heyran qalırlar. Təsərrüfat sahibi bambukun əhəmiyyətini erkən dərk edib və onu illər ərzində becərərək, həm estetik, həm də iqtisadi baxımdan dəyərli bir sahəyə çevirib.
O, burada görülən işlərlə bağlı ətraflı məlumat verib.
“Bura şəxsi həyətimdir. Köçəndə həyətdə bir neçə bambuk vardı. Mən onların əhəmiyyətini bildiyim üçün çoxaltdım. O vaxt ovçular mağazalarında satılan tilovlar da bambukdan hazırlanırdı", - deyə Eynulla Cəlalov bildirib.
Eynula kişi dülgər olmasa da, bu sənətin sirlərini atasından öyrəndiyini deyib. İlk dəfə əl işlərini 2013-cü ildə sərgiyə çıxarıb, daha sonra televiziya proqramlarına dəvət olunub. Bu gün isə onun bambuk sənəti bölgədəki turizm marşrutlarının ayrılmaz hissəsinə çevrilib.
Turistlərin böyük maraq göstərdiyi əl işləri arasında fincanlar, salfet qabları, gül qabları, mətbəx dekorları və hətta kreslo və divanlar da var. Qiymətlər əşyanın ölçüsünə və hazırlanma çətinliyinə görə dəyişir: kreslolar 250-300 manat, divanlar 500-600 manat, suvenirlər isə 3-15 manat aralığındadır.
Bambuk sənətini gələcək nəsillərə ötürmək məqsədilə Eynulla müəllim kənd klubunda həftədə iki dəfə əl bacarıqları dərnəyi aparır. Hazırda onun iki oğlu bu sənəti davam etdirir.
Beləcə, Lənkəran təkcə füsunkar təbiəti ilə deyil, həm də unikal sənət nümunələri ilə turistlərin maraq dairəsindədir. Bu bambuk meşəsi və onun sahibinin əlləri ilə formalaşan sənət dünyası, bölgənin yeni turizm brendinə çevrilməkdədir.