BAKI, 12 mart. TELEQRAF

Azərbaycanda keçiriləcək minifutbol üzrə Dünya Kubokunun püşkatma mərasimi başlayıb.

Teleqraf xəbər verir ki, "Ritz Carlton" otelində təşkil olunan tədbirdə AFFA prezidenti Rövşən Nəcəf və AMF prezidenti Orxan Məmmədov çıxış ediblər.

Rövşən Nəcəf mundialın iştirakçılarına uğurlar arzulayıb: "Bakı belə bir möhtəşəm mötəbər tədbirə ev sahibliyi edəcək. Bütün sahələrdə inkişafa nail olmuşuq. Dünya Kuboku da bizə bu baxımdan geniş imkanlar yaradacaq. Çempionatın bütün iştirakçılarına uğurlar arzulayıram".

Orxan Məmmədov dünya çempionatının yaddaqalanı olacağını bildirib: "Böyük məmnuniyyət hissi ilə qeyd edərəm ki, dünya çempionatını Bakıda təşkil etmək bizim üçün böyük şərəfdir. Biz bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq. Bu yarışı keçirməklə dostluq yaradırıq. Son illər minifutbol sürətlə inkişaf edir. 2022-ci ildə biz Avropa çempionatına ev sahibliyi etmişdik. Dövlət başçısı İlham Əliyevin şəxsən Avropa çempionlarımızla görüşü bizim üçün böyük motivasiya oldu. Azərbaycan bir çox mötəbər yarışlara ev sahibliyi edib. Əminik ki, builki mundial da yaddaqalan tədbirə çevriləcək. Fürsətdən istifadə edərək, bütün qonaqlarımıza minnətdarlığımı bildirmək istərdim. Gənclər və İdman Nazirliyinə, AFFA-ya və digər dəstəkçilərimizə təşəkkürümü bildirirəm".