
BAKI, 12 mart. TELEQRAF
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı (U-23) davam edir.
Teleqraf xəbər verir ki, bu gün Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb. Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayı məğlub edərək (3:0), çempion olub.
Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.
Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.
Yada salaq ki, dünən qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.