
BAKI, 12 mart. TELEQRAF
Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq ölüb.
Teleqraf-ın xəbərinə görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti 70 ünvanında baş verib.
2012-ci ilə təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Mərhumun babası Ədalət Tanrıverdiyev Teleqraf-a açıqlamasında bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: "Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".
H.Ələkbərli daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.
Hüseyn Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçıymış.
Faktla bağlı araşdırma aparılır.