
BAKI, 12 mart. TELEQRAF
Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu gün Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və təqsirləndirilən şəxslərin hər biri barəsində mayın 5-nə (1 ay 24 gün) qədər həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində fevralın 7-də Binəqədi Rayon Məhkəməsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb.
Lakin bu gün cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Hadisədə zərərçəkən şəxs Miskərov Elnur Vidadi oğludur. Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.
Məlumata görə, hadisə, belə demək mümkünsə, əvvəlcədən planlaşdırılıb və məqsəd sürücünü cəzalandırmaq olub. Avtomobilin sürücüsü insidentdə iştirak edən şəxslərdən birinin xanımına qarşı qeyri-etik ifadə işlədib. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.
Bundan sonra isə Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli həmin sürücünün arxasınca düşərək, onu publik şəkildə cəzalandırıblar.
Xatərladaq ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır. Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində "canlı efir"də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib.
Sonradan məlum olub ki, qarşı tərəfdə yazan xanımdır. Bundan sonra Elnur Miskərov münasibətlərə son qoysa da, qarşı tərəf sonradan müxtəlif sosial şəbəkələr üzərindən mesajlar göndərməyə başlayıb. Amma Elnur buna hər hansı reaksiya verməyib.
Daha sonra 2024-cü ilin sonlarında hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə başqa adlar altında müraciətlər olunub. Onlar hansısa biznes təklifləri irəli sürüblər və s. Özlərini iş adamı kimi tanıdıblar. Hadisə baş verən gün - fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, digəri isə yan tərəfdən mühasirəyə alıb.
Zərərçəkmiş çətinliklə də olsa, öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib.
Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.