BAKI, 12 mart. TELEQRAF

ABŞ-nin İranla danışıqlara hazır olduğunu bildirməsi əslində dünya ictimaiyyətini aldatmaq məqsədi daşıyır.

Teleqraf xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei səsləndirib.

Onun sözlərinə görə, ABŞ prezidenti İranla dialoqa açıq olduğunu bəyan etsə də, bu çağırışların arxasında səmimi niyyət yoxdur:

"ABŞ prezidentinin İranla danışıqlara hazır olmasından danışması və danışıqlara dəvət etməsi dünya ictimai rəyini aldatmaqdır. Biz bir neçə il oturub danışıqlar apardıq və həmin şəxs tamamlanmış, imzalanmış sənədi cırıb atdı. Onların heç bir nəticə verməyəcəyini bilsək, nə cür danışıqlar aparmalıyıq?" - deyə Xamenei vurğulayıb.

O, ABŞ-nin nüvə razılaşmasından birtərəfli şəkildə çıxmasını nümunə göstərərək bildirib ki, Vaşinqtonun istənilən danışıqlarda etibarlı tərəfdaş kimi çıxış etməsi mümkün deyil.